“Artıq Fərrux kəndində Azərbaycan bayrağı dalğalanır. Bu, o deməkdir ki, qəhrəman ordumuzun Qarabağdakı mövqeyi daha da gücləndi.”
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, tarix elmləri doktoru Havva Məmmədova Voicepress.az-a verdiyi açıqlamasında deyib. O, Fərrux kəndinin Azərbaycanın nəzarəti altında olması Ermənistana daha bir ağır zərbə olduğunu vurğulayan Havva Məmmədova, “Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz mövqeyini getdikcə daha da möhkəmləndirir və tarixi torpaqlarımızın düşməndən tamamilə təmizlənməsi üçün bütün imkanlardan istifadə edir. Artıq Xocalı rayonunun Fərrux kəndi də ordumuzun nəzarəti altına keçib. Bu kəndin Azərbaycanın nəzarəti altında olması Ermənistana daha bir ağır zərbə oldu. Bu növbəti tarixi qələbəmizdir” deyə bildirib.
“Mən, əslən qarabağlı kimi, həmin əraziləri çox yaxşı tanıyıram. Bu torpaqlar Azərbaycanın əzəli əraziləridir. Əminəm ki, bundan sonra da bütün o torpaqlar ölkəmizin nəzarəti altında olacaq. Prezident İlham Əliyevin “Nəyi, nə vaxt, necə edəcəyimizi yaxşı bilirik” barədə dedikləri bir daha öz təsdiqini tapdı. Dövlət başçımızın uğurlu diplomatik-siyasi fəaliyyəti nəticəsində Ermənistan növbəti məğlubiyyətlə üzləşməli oldu.
Tarixi mənbələrdə qeyd edilir ki, Xocalı rayonu ərazisindəki Fərrux kəndi və eyni adlı dağın strateji əhəmiyyəti hələ 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun Qarabağın erməni-daşnak birləşmələrindən azad edilməsi üçün apardığı əməliyyatlar zamanı bəlli idi. 1920-ci il martın 26- da Ağdama gəlmiş Milli Ordumuzun general-mayoru Həbib bəy Səlimov Əsgəran yolunun kəşfiyyatını apararaq, həmin istiqamətdəki yüksəkliklərin, o cümlədən Fərrux dağının düşməndən azad ediıməsi üçün əməliyyat planı hazırlayır.
Müəyyən hazırlıq işləri görüldükdən sonra – martın 29-da Azərbaycan qoşun hissələrinin Əsgəran üzərinə ilk hücumu başlandı. Döyüşün gedişində Daşbaşı yüksəkliyi və Fərrux kəndi ələ keçirildi və qüvvələr Xanabad kəndinə xeyli yaxınlaşdılar.
Növbəti əməliyyatlar nəticəsində Əsgəran və Xocalı azad olunsa da, təəssüf ki, aprelin 27-28-də bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi nəticəsində Milli Ordumuzun Xankəndini də azad etmək planları yarımçıq qaldı və sovet dövründə Əsgəranla yanaşı, ətraf yüksəkliklər, o cümlədən Fərrux kəndi və eyniadlı dağ, həmçinin Daşbaşı yüksəkliyi ermənilərin nəzarətinə verildi.
1992-ci ilin yanvarında keçirilən əməliyyat nəticəsində Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin taboru Fərrux kəndini azad etmişdi. Təəssüf ki, o vaxt baş verən müəmmalı başıpozuqluqlar səbəbindən və xüsusən, Şirin Mirzəyevin şəhidliyindən sonra ermənilər Fərrux kəndini yenidən işğal etdilər.
Fərrux dağı Qarabağda hərbi-strateji baxımdan ən əhəmiyyətli ərazilərdən biridir. Fərrux kəndi Fərrux dağının yamacında yerləşir. O kənd azad olunduqdan sonra Ağdamın Cinli və bir neçə kəndinin təhlükəsizliyi tam təmin edilir. Artıq Fərrux kəndində Azərbaycan bayrağı dalğalanır. Bu, o deməkdir ki, qəhrəman ordumuzun Qarabağdakı mövqeyi daha da gücləndi.
Qarabağ Azərbaycandır!”








