Erməni politoloqlar niyə təlaşlıdır? -Təhlil

29 Mart, 12:11

Erməni politoloqlarının fikrincə Rusiya Ukrayna məsələsindən sonra Cənubi Qafqazla ciddi məşğul olacaq…

Son günlər Qarabağda vəziyyət niyə gərginləşib? Bu suala cavab vermək üçün bir sıra erməni politoloqlar müəyyən iddialarla çıxış edirlər.

Onların fikrincə, guya Rusiya “yeni” Ukraynanın siyasi formatını rəsmiləşdirəndən sonra  Cənubi Qafqazı ciddi şəkildə ələ keçirəcək və o zaman  dialoq çətin olacaq. Bu barədə konkret olaraq, Ermənistan Milli Assambleyasının Ərazi və Avrasiya İnteqrasiyası Komissiyasının sədri Armen Gevorqyan deyib.

Onun fikrincə Qarabağda vəziyyətin  gərginləşməsinin səbəbi guya  Azərbaycanın leytmotivi rus ordusunun Qarabağdan çıxarılmasına nail olmaq və faktiki olaraq Qarabağ məsələsinin siyasi həllini yekunlaşdırmaq niyyətidir.

Erməni politoloqunun fikrincə, bu istəyin, məhz Ukrayna Rusiya müharibəsi zamanı  olması da təsadüfü deyil: “Rusiya Ukraynada məşğuldur və hərbi əməliyyatların ikinci cəbhəsini açmağa hazır olmayacaq. Belə bir fərziyyə var ki, rəsmi Bakı Ukraynada iki həftəlik hərbi əməliyyatdan sonra Rusiyanın orada uzun müddət ilişib qalmasından çıxış etməyə başlayıb”.

Erməni politoloq eyni zamanda Moskva ilə Bakı arasında bağlanmış itifaqla da bağlı fikirlərini paylaşıb: “Bakı ilə Moskva arasında fevralın 22-də imzalanmış müttəfiqlik münasibətləri haqqında Bəyannamə əslində Rusiya üçün bir növ zəmanət idi ki, Ukraynada hərbi əməliyyatlar davam edərkən, Azərbaycanın Cənubi Qafqazda Rusiya üçün başağrısı yaratmayacaq. Amma buna baxmayaraq, qaz xətti partlayır, erməni kəndlərini vaxtaşırı atəşə tutmağa başlayır və paralel olaraq Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi gedir. Azərbaycan hakimiyyəti açıq şəkildə Ukraynanı dəstəkləyir, hökumətin nəzarətində olan bütün təbliğat anti-Rusiya isteriyası qurur və vəziyyəti Rusiya artıq uduzmuş kimi təqdim edir. Gələcəkdə azərbaycanlı döyüşçülərin və hərbi təlimatçıların Ukrayna hakimiyyətinin tərəfində ən fəal döyüşdüyünü bilsək, təəccüblənmərəm”, deyərək, Armen Gevorqyan da digər erməni aktivistlərdən və rəsmi nümayəndələrdən geri qalmayaraq açıq şəkildə Rusiya ilə Azərbaycanı qarşı qarşıya gətirmək məqsədi güdür.

Erməni politoloqlar əslində bu kimi çıxışlarla Qarabağdakı Rusiya sülhməramlı kontingentini bacarıqsız mexanizm kimi təqdim edərək, qızışdırıcı mövqe tutmaqla Azərbaycanın Ermənistana verdiyi son dirçəliş şansını itirdiklərinin fərqinə varmırlar…

Ümumiyyətlə, Rusiya tərəfinin Qarabağdan sıxışdırıldığı anlayışı ermənilərin məqsədyönlü şəkildə ortaya atdığı məsələdir. Belə ki, ermənilər bu addımla beynəlxalq aləmdə, Qarabağda mövcud provakasiyalarda öz addımlarına bəraət qazandırmaq istəyirlər. Digər tərəfdən Rusiyanı ayağa qaldıraraq, bunu xəyanət kimi qəbul edə bilər.   Məhz bu addım  Rusiyanın gələcək Cənubi Qafqaz siyasəti üçün dönüş nöqtəsi olacağını da bilərək, istisna etmirlər.

P.S.

İstisna edilməyən önəmli faktorlardan biri də odur ki, Ermənistan rəsmilərinin Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasının,  Azərbaycanla Rusiya arasında gərginlik yarada biləcəyi ehtimalı, Kremlin tezisi əsasında gündəmi zəbt etməkdədir. İstisna edilməməlidir ki, Moskvadan izinsiz,  İrəvan şadlığına şitlik etməz…

Ülkər Fərmanqızı \voicepress.az\