Dünya Rusiya- Ukrayna müharibəsinin doqquzuncu gününü yaşayır. Hazırda dünyadan təcrid olunan Rusiyaya sanksiyaların ardı-arası kəsilmir. Təbii ki, Rusiya sənətçiləri də bu sanksiyalardan öz nəsibini alır.
Beləki dünyaca məşhur rus drijor, Münhen Filarmoniyasının Orkestrinin baş dirijoru Valeri Qerqievin Avropadakı bütün konsertləri ard-arda ləğv olundu və Münhen Filarmoniyasındakı işindən kənarlaşdırıldı.
Milan Bələdiyyə sədri və La Skala Operası Vəqf sədri Cüzeppe Sala da Rusiya-Ukrayna müharibəsinə səssiz qalacağı təqdirdə Valeri Qerqievin Rus bəstəkarı Çaykovskinin “Maça Kraliçası” operasını idarə etməyəcəyini açıqlamışdı.
Eyni zamanda Yunanıstan da Rusiyaya aid mədəniyyət qurumları ilə əməçdaşlığı gözləməyə aldı. Yunanıstan Mədəniyyət və İdman Nazirliyindən verilən açıqlamada martın 6-da nümayişi planlaşdırılan “Qu gölü” baletinin nümayişinin ləğv olunduğu bildirildi. Bundan başqa “Netflix” Rusiya istehsalı film və layihələri dondurdu, Rusiya Avroviziya yarışmasından kənarlaşdırıldı, məşhur rəqəmsal platformalardan rus filmləri silindi, dünyanın müxtəlif şəhərlərində konsert proqramları olan Rus musiqiçilərin konsertləri ləğv olundu.
Bir sözlə “Sənət savaşdan öndə olmalıdır” şüarının bu gün tarixə qovuşduğuna şahidlik edirik. Rus sənətçilərin dünyadan qovulmasına, sənətə qoyulan bu embarqolara Azərbaycan sənətçilərinin münasibəti necədir?
Tanınmış sənətçilər öz fikirlərini Voicepress.az-la bölüşdü.
Keçmiş KVN-çi Vado Korovin hesab edir ki, incəsənət siyasətdən kənarda olmalıdır:
“Əlbəttə incəsənət adamı kimi bu embarqolara münasibətim müsbət ola bilməz. Çünki incəsənət hər zaman siyasətdən kənar olub və belə də davam etməlidir. Mənim üçün peşəkar Rus aktyoru, rejissoru, istedadlı Rus rəssamı ümumiyyətlə incəsənət adamları dünyanın bütün sənətkarları ilə eynidir. Amma ümumi vəziyyət belə gətirib ki, hazırda hər şey bir-birinə qarşıb. Hazırda müharibənin gərgin fazası yaşanır dünyada. Düşünürəm ki, nə qədər pis olsa da müharibənin dayanması üçün atılan addımdır. Amma hesab etmirəm ki, incəsənətə qoyulan bu embarqonun ömrü uzun olacaq. Mədəniyyət adamları, incəsənət böyük qüvvədir. Biz bunun Zelenskinin simasında bir daha şahidi oluruq. Bəlkə mövzudan kənarlaşdım. Amma demək istəyirəm ki, fəxr edirəm KVN-çilərdən biri bu gün dövlət idarə edir və bəlkə də dünyanın taleyini həll edir. Son günlər tez-tez belə bir fikir səslənir. “Aktyordan Prezident olmaz.” İndi bütün dünya görür ki, Zelenski bunu Reyqandan sonra necə gözəl bacardı”.
Əməkdar artist Gülzar Qurbanova da müharibənin, siyasətin sənətə sıçramasından narahatlıq duyduğunu dilə gətirib:
“İnsanlar Yer üzündə çox iztirab çəkirlər. Biz müharibənin nə olduğunu yaxşı bilirik. Bir ömür daha lazımdır bu həyatdan sonra. Çünki bu ömrümüz sadəcə ümid etməklə keçdi. Müharibə hər kəsin həqiqi simasını böyük etinasızlıqla, qətiyyən fərq qoymadan üzə çıxarır. Çox təəssüf edirəm bu gün savaş sənətdən öndədir. Azərbaycanın yaxın münasibətləri olan iki dövlət arasında gedən müharibə doğurdan da çox ağırdır. İki slavyan xalqı bir-biri ilə genişmiqyaslı müharibə aparır. Dünyanın Rus sənətçilərinə embarqo qoyması bir sənətçi olaraq məni məyus etməyə bilməz. Çünki milliyyətindən, dinindən asılı olmayaraq heç bir sənətçi, incəsənət adamı müharibə tərəfdarı deyil. Rusiya ziyalıları, sənətçiləri də bu müharibəyə, Putinin imperialist siyasətinə qarşıdır. Ziyalı, sənətçi hər zaman xalqdan bir addım öndə, xalqın vicdan səsi olublar. Ümid edirəm bu müharibə tez bir zamanda bitəcək və sənətkarlar əllərində olan bütün vasitələrdən istifadə edərək insanları gözəl dünya qurmağa səsləyəcək”.
Kinoşünas, aktrisa Zülfiyyə Eldarqızı: “Əlbəttə müharibə elə bir bəladır ki, ölkənin bütün sahələrinə öz təsirini göstərir. Dünyanın Rus sənət adamlarına qoyduğu bu embarqolar müharibə aparan ölkəyə təzyiqdi, etirazdı. Könül istərdi iki ölkə arasındakı müharibənin küləyi incəsənəti, sənətçiləri vuracaq həddə gəlib çatmazdı. Bu gün biz Rus sənətçilərinin də Putinə qarşı çıxışlarının şahidi oluruq. Hətta Putina etiraz olaraq çalışdığı teatrdan ayrılan rejissorlar, bədii rəhbərlər oldu. Onlar bu addımı Putinə qarşı müharibəni dayandırması üçün atıblar. Sənət adamları çox həssas olur. Milliyətindən asılı olmayaraq, onlar da bu qardaş qırğınının əleyhinədir. Ümid edirəm müharibə dayanar dünya bu embarqoları sənət aləmindən götürər”.
Əməkdar artist Şövqi Hüseynov embarqoların daha çox insan ölümlərinin qarşısının alınması məqsədilə qoyulduğuna inandığını deyir: “Məncə bu addımlar yalnız müharibəyə tezliklə son qoyulmasına hesablanıb. Bildiyiniz kimi müharibənin təsirləri dəhşətlidir. Biz özümüz də yeni müharibədən çıxmış bir ölkəyik. Bu embarqolar ümid edirəm yalnız insanların ölməməsi üçün qoyulur. İnanmaq istəyirəm tezliklə sülh bərqərar olacaq, insanlar qırılmayacaq və müharibənin fəsadları dəhşətlər törətməyəcək. Müharibə bitəndən sonra yenidən dünyada Rus filmləri nümayiş olunacaq, Orkestrlər yenə Rus drijorlarla işləyəcək, dünya teatrları yenidən Rus klassik əsərlərini səhnəyə qoyacaq. Mən hesab etmirəm ki, Rus klassik əsərlərinə müraciət etmək lazım deyil. Çünki dünyada uğur, sevgi qazanan hər bir sənətkar yalnız mənsub olduğu ölkənin, xalqın sənətkarı deyil, həm də dünyanın sənətkarıdır. Mən Motsartı, Çaykovskini, Hüseyn Cavidi, Tolstoyu, Çexovu dünya sənətkarları, klassikləri hesab edirəm”.
Tanınmış popçu Murad Arif isə məsələyə bir qədər soyuqqanlı yanaşdı: “Sivil dünyanın, əsasən də Avropa və Amerika dünyasının bir hissəsi, parçası olmaq istəyirsənsə əməkdaşlığa, ünsiyyətə “əl yeri” qoyacaqsan. Əgər ruslar Rusiyanın Dünyaya qarşı siyasəti ilə razıdırlarsa, o zaman Dünyanın da Rusiyaya qarşı münasibətini qəbul etməlidir. İncəsənət də digər sahələr kimi biznesdir. Biznes isə ünsiyyət, əməkdaşlıq etikası tələb edir. Sənət bəşəridir deməklə olmur. Sənət monetizassiya olunan əmtəədir. Sənin sənətinin digər ölkələrin bazarında satılması üçün diplomatik razılıq olmalıdır. Bizim ölkə bazarına erməni müğənnisi, erməni kinosu daxil ola bilərmi? Oxşar vəziyyətdir.”
Aktyor Sənan Əlləz hesab edir ki, Rus sənətçilər haqsızlığa göz yumursa elə onlara embarqo qoyulması məsləhətdir: “Rus sənətçilər əgər özlərində təpər tapıb haqsızlığa hamılıqla qarşı çıxa biləcəklərsə, nahaqqın yox, haqqın yanında olacaqlarsa, onlara qoyulan embarqo xeyirlərinə işləyəcək. Yox əgər əksini edəcəklərsə, elə sənətçilərə embarqo qoyulsa yaxşıdır.”
Voicepress.az