Azərbaycanın fitri istedada malik gənc qızı: “Öz dövlətimlə, öz ölkəmlə, fəxr edirəm…”

2 Fevral, 13:36

Bu dəfəki müsahibimiz, tanınmış simalar, siyasətçilər və ya dünyaşöhrətli şəxsiyyətlər deyil. Amma  2 Fevral Gənclər Gününə həsr edilən bir müsahibədir. Müsahibimiz, Azərbaycanın istedadlı gənci, Xətai rayonu, 17 saylı orta məktəbin 4-cü sinif şagirdi Namazova Fatimə Elçin qızıdır:

-Fatimə, mən səni uşaq deyil, bir Azərbaycan gənci kimi təqdim etdim. Əminəm ki, belə istedadlı, hətta fitri istedadlı bir qız uşaq kimi deyil, bir gənc kimi özünü hiss edərdi. Eləmi?

-Çox sağolun. Doğrudur. Bu yaşda hər istədiyimiz addımı atmaq olmur. Çox zaman valideynlərim  tərəfindən “hələ uşaqsan” böyüyəndə baxarıq, kimi sözləri ilə qarşılaşmalı oluram. Ona görə də, bu gün məni bir gənc olaraq görməyiniz mənə çox xoşdur. Ən əsası ona görə ki, insan özünü böyük kimi hiss edir, danışdığı hər sözün məsuliyyətini duyur.

-Gözəl fikirlərin var Fatimə. Kitab çox mu oxuyursan?

-Dərslərim imkan verdikcə, oxuyuram. Kitab oxumağı çox sevirəm.

-Biz bilirik ki, sənin nənən şeirləri ilə hər kəsin qəlbini fəth etməyi bacaran bir şairə xanımdır. Sən necə şeir yazırsanmı?

-Xeyir, mən şeir yazmıram. Amma nənəmin şeirlərini oxuyuram. Nənəmin şeirləri çox dərin fikirlərə malikdir. Bəzilərini oxuyunca anlamıram. Çox istəyərdim ki, nənəm uşaqlar üçün də şeirlər yazsın. Amma nənəmin yazdığı Vətən şeirlərini çox sevirəm.

-Bilirəm ki, gözəl rəsm çəkirsən. Kimdənsə dərs almısan mı?

-Təşəkkür edirəm. Xeyir, mən sadəcə boş zamanlarımda rəsm çəkirəm.

-Rəsm çəkərkən nə hiss edirsən?

– Rəsm çəkərkən bütün fikrimi çəkdiyim rəsmə fokslayıram. Yəni daha çox çəkmək istədiyim kompazisiyaya fikirlərimi kökləyirəm. Çəkərkən nəticəni düşünmək olmur. O an mən sadəcə ağlımda tutduğum kompazisiyanın kağız üzərinə olduğu kimi köçürməli olduğumu dərk edirəm…

-Fatimə, bax o ağlındakı rəsmdəki rəng çalarlarını, o fantaziyanı, kağıza köçürmək sənə çətin olmurmu?

-Bəzən olur. Çünkü mən özü özümə rəsm çəkməyi öyrənirəm. Amma rəsm təhsili almaq, daha professional rəsmlər çəkmək çox istəyərəm. Çünki, rəsm çəkərkən mən böyük zövq alıram.

-Rəsimlərini bitirdikdən sonra, ilk onları kimə göstərirsən?

-Valideynlərimə, nənəmə, müəllimlərimə…

– Sənin şəkillərin kiçik bir uşağın çəkəcəyi rəsmlər deyil. İstedadlı bir Azərbaycan gəncinin təxəyyülünün məhsuludur. İlk dəfə sənin rəsmlərini görəndə qarşı tərəfi belə düşünməyə vadar edən rəsmlərdir. Xüsusən 20 Yanvar gününə həsr etdiyin rəsm. Necə oldu ki, onu çəkməyə qərar verdin? Məktəbdən rəsm tapşırığı idimi?

-Xeyir. 20 Yanvar günü özümdən asılı olmayaraq, heç kəsə anlata bilmədiyim bir hüzn olur içimdə. Eyni zamanda da, 20 Yanvar hadisələrini televiziyada gördükcə, müəllimlərimin anlatdıqlarını duyduqca, dərsliklərdə yazılanları oxuduqca, qəlbim həm hüzn, həm də fəxarət hissi ilə dolub daşır. Bu qəribə və anlata bilmədiyim təzadlı hissi ən yaxşı rəsmlə, boyalarla anlata biləcəyimi düşündüm…

-Çox gözəl anlata bilmisən. Afərin Fatimə.  Sənin “Qızıl payız” əsərin də çox gözəldir.

-Bəzən parka anamla gedəndə, gördüyüm bir ağacın rəngi, mənə çox müsbət təsir edir. Bəzən evə gəlirəm və o ağacın rəngi, duruşu, yarpaqları ağlımdan çıxmır. Hiss edirəm ki, o ağacı çəkmək istəyirəm.

-Maraqlıdır. Valideynlərin necə, sənə rəsmlə məşqul olmağa şərait yaradırlarmı?

-Bəli. Bu fitri istedad mənə atamdan irsən keçib, deyə bilərəm. Valideynlərim  mənim  bacarığımı dəstəkləyir. Ən böyük dəstəkçim atamdır. Bəzən mənə rəsm üçün ideyalar da verir. Amma dərslərimlə ciddi məşqul olmağımı istəyir. Ona görə də, sadəcə boş qalan zamanımı rəsm çəkə bilirəm.

-Böyüyəndə, rəssam olmaq istərdinmi?

-İstərdim. Amma hazırda rəsm mənim üçün sadəcə bir hobbidir.

-Fatimə məktəbdə rəsm dərsindən sözsüz ki, “əla” qiymət alırsan eləmi?

-Bəli,  əsasən 5 alıram.

-Səndəki istedad fitri istedaddır. Fatimə bu istedad hər kəsə nəsib olmur. Arzu edirəm ki, illər sonra səndən  tanınmış bir rəssam kimi müsahibə almaq imkanımız olsun. Mən bilirdim, Azərbaycan gənci istedadlıdır. Bu istedadı sənin kimi gözəl, mərd, istedadlı bir Azərbaycan gəncinin simasında oxuculara göstərməyi bacarmaq mənə çox xoş oldu.

-Çox sağolun. Mən də fürsətdən istifadə edib, bütün Azərbaycan gənclərini  Gənclər günü münasibəti ilə təbrik etmək istıyirəm. Qoy, Azərbaycan gəncinin sorağı dünyanın hər yerindən gəlsin! İstəyirəm, hər kəs Azərbaycan gəncinin bacarığını, ağlını, mərdliyini görsün. Düşünürəm ki, biz o zaman heç bir qüvvənin bizə zərər verə bilmədiyi bir dövlət ola bilərik.

-Dəyərli fikirlərin üçün minnətdaram Fatimə. Əminəm ki, oxucularımız üçün çox maraqlı bir söhbət olacaq…

 

 

 

Ülkər Fərmanqızı