“Sabiq PA rəhbərinin siyasi partiyaları və deputatları hədəf alması, ölkə qanunlarına, seçki prosesinə olan güvəni sarsıtma cəhdi kimi qəbul olunmalıdır”. Bunu mətbuata açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, Ramiz Mehdiyev AMEA rəhbərliyindən istefa verməsi barədə hakimiyyət tərəfdarlarının çağrışlarına dövlətə zərər vurmaq bahasına belə sərt reaksiya verməsi qəbul olunmazdır:
“Sabiq PA rəhbəri illərlə bu dövlətin çörəyini yeyib. Seçkilər zamanı nə üçün susurdu? Nə üçün istefası tələb olunduğu zaman baş verən saxtakarlığı xatırladı? Əgər saxtakarlıq olunubsa və bunu Ramiz Mehdiyev bildiyi halda susubsa, deməli ən az o saxtakarlığı törədən şəxs qədər o da məsuliyyətə cəlb olunmalıdır. Yox, əgər sadəcə qəzəbindən sərt reaksiya verərək, dövlətə, seçki prosesinə, qanunun aliliyinə olan güvəni sarsıtma cəhdlərinə, şər və böhtan atma kimi məsələlər kimi əlaqələndirdikdə də, yenə də, sabiq PA rəhbəri məsuliyyətə cəlb olunmalıdır.
Hesab edirəm ki, heç kəs Azərbaycanda son illər Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə aparılan köklü islahatlara, demokratik, ədalətli seçki prosesinə kölgə sala bilməz. Bu dövlətçiliyə və Azərbaycan qanunlarına olan sayqısızlıqdır, cinayətdir!
Düşünürəm ki, kimliyindən asılı olmayaraq, heç kəs dövlət qanunlarına, bütün xalqın güvənib iştirak etdiyi seçki prosesinə xələl gətirə bilməz! Vəzifə uğruna dövləti sarsıtacaq ittihamlar səsləndirən kəslər hüquq qarşısında cavab verməlidir”.
Ülkər Fərmanqızı