“Vətən müharibəsində xalqımız milli birliyin gücünü bütün dünyaya nümayiş etdirə bildi”

0
80


Jalə Əhmədova: “Seçicilərimi narahat edən problemlərin həlli üçün bacardığım köməkliyi əsirgəmirəm”

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Jalə Əhmədovanın müsahibəsini təqdim edirik

-44 günlük Vətən müharibəsində qalib Azərbaycan xalqı öz adını dünya tarixinə yazıb. Tariximizin bu möhtəşəm dönəmində dünya azərbaycanlıları Ali Baş Komandanın ətrafında birləşərək həmrəylik nümayiş etdirdi. Bu barədə sizin də fikirlərinizi bilmək istərdik…
– Belə bir məsəl var “El gücü, sel gücü”. Vətən müharibəsində hər bir Azərbaycan vətəndaşı cənab Ali Baş Komandanın və Azərbaycan Ordusunun yanında olduğunu öz əməlləri ilə sübut etdi. İstər maddi, istərsə də mənəvi dəstək olaraq hər bir soydaşımız Ali Baş Komandanımızın, Ordumuzun, əsgərlərimizin yanında oldu. Ali Baş Komandanımızın rəhbərliyi altında 44 gün davam edən hərbi əməliyyatlar zamanı işğalçı erməni silahlı birləşmələrini darmadağın edən Azərbaycan Ordusu dövlət başçımızın qətiyyətli və təxirəsalınmaz qərarları nəticəsində tarixi böyük zəfərə imza atdı və Azərbaycan xalqı qürurlu, mübariz xalq olduğunu bütün dünyaya bəyan etdi. Milli birlik və həmrəyliyin hökm sürdüyü Azərbaycan, dünya erməni lobbisinin və diasporunun son 100 ildə yaratdığı “böyük ermənistan” mifini, ermənilərin təbliğat maşınını darmadağın etdi. Fəxr edirəm ki, biz azərbaycanlılar öz milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirə bildik.

– “Biz sizə borcluyuq” kampaniyasının Təşəbbüs Qrupunun üzvü olaraq siz də Vətən müharibəsi şəhidlərinin evinə gedib, onları ailələri ilə bərabər yad edirsiz. Millət vəkilinin vətəndaş cəmiyyəti üzvləri ilə birgə belə təşəbbüsdə iştirak etməsini müsbət bir nümunə hesab etmək olar. Ümumiyyətlə, Milli Məclis üzvləri tərəfindən vətəndaş cəmiyyətinin fəaliyyətinin bu formada dəstəklənməsinin hüquqi dövlət quruculuğu baxımından nə kimi əhəmiyyəti var?
– Şəhidlərimiz hər birimizin övladıdır. Onları yerlərə bölə bilmərik, şəhiddirsə, deməli bütün Azərbaycanın şəhididir. Hər bir şəhidimiz bizim qürurumuz, igid qəhrəmanlarımızdır. “Biz sizə borcluyuq” kampaniyası Vətəndaş cəmiyyəti üzvləri və Bakı Dövlət Universitetinin SABAH tələbə qruplarından ibarət Təşəbbüs Qrupu tərəfindən həyata keçirilir və həmin Təşəbbüs Qrupunun üzvlərindən biri də mənəm.
Onu da qeyd edim ki, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biridir və hökumətin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı, bu istiqamətdə atdığı addımlar göz önündədir. Ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının, o cümlədən QHT-lərin inkişafına daim diqqət yetirilir və onların fəaliyyəti qanunvericilik aktları ilə tənzimlənir.

-Bir ailə sahibi, əsgər anası olaraq şəhid evlərində görüşlərdə hansı hisslər keçirirsiz?
– Övlad itkisi ana üçün çəkilməsi mümkün olmayan bir dərddir. Bu dərdi, ağrını yalnız ana olanlar hiss edə bilər… Çox üzülürəm, ürəyim parçalanır. İnanın ki, qəhərdən boğulur, göz yaşlarımı saxlaya bilmirəm. Mənim üçün çox ağır olur… Azərbaycanın suverenliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş igidlərimizə Allahdan rəhmət, yaxınlarına səbir diləyirik.

-44 günlük Vətən müharibəsi şəhidlərinin anım günləri qeyd olunur. Seçildiyiniz 59 saylı Salyan seçki dairəsindəki Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə nə dərəcədə maraqlana bilirsiz?
– Hazırda əhalinin aztəminatlı təbəqələrinə, xüsusən şəhid ailələri və qazilərə kömək göstərilməsi dövlətin apardığı sosial siyasətin başlıca istiqamətidir. Bu siyasət Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilir. Bununla yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva daima şəhid ailələrinə, Qarabağ müharibəsi əlilləri və onların ailə üzvlərinə diqqət və qayğı göstərir. Bütün bunlar bizlər üçün örənkdir. Bir millət vəkili olaraq Vətən müharibəsində şəhid olmuş hərbçilərin ailələri və qazilər daim mənim diqqətimdədir. İstər şəhid ailəsi olsun, istərsə də qazilərimiz, onların qayğıları ilə daim maraqlanır, problemini özümünkü hesab edir, hər bir müraciətlərinə həssaslıqla yanaşıram. Seçicilərimi narahat edən problemlərin həlli üçün bacardığım köməkliyi əsirgəmirəm. Şükürlər olsun ki, bu günə kimi neçə-neçə qazinin, şəhid ailəsinin iş məsələlərini həll edə bilmişəm. Bəzilərinin müayinə, müalicələrinə, evlərinin tikinti və təmirinə dəstək göstərmişəm. Bir neçə ailəni xüsusi nəzarətimə götürmüşəm.
Sentyabrın 27-dən başlayaraq rəsmi sosial şəbəkə səhifələrimdə anım günü olan hər bir salyanlı şəhidimiz haqqında “Zəfər tariximizin Qəhrəmanları” başlığı altında post, eyni zamanda həmin şəhidimizin şəklini paylaşıram. Ayrıca, Salyan şəhidlərimiz və qazilərimizlə bağlı bir layihəm var. İnşallah, bu 44 gün ərzində həmin layihəni gerçəkləşdirəcəm.
Bilirsiniz ki, “Biz sizə borcluyuq” kampaniyası çərçivəsində, sentyabrın 27-dən hər gün bir neçə şəhidimizin ailəsini ziyarət edir, şəhidlərimizin ildönümünü onların ailəsi ilə birlikdə yad edirik. Bununla, onların dərdinə şərik olur və tək olmadıqlarını bildiririk. Kampaniya çərçivəsində Sumqayıtda da olduq, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə xanımı və digər sumqayıtlı şəhidlərimizin ailələrini ziyarət etdik.

-Ümumiyyətlə, pandemiya şəraitinə uyğun olaraq seçicilərinizlə necə görüşlər keçirirsiz?-Bir qayda olaraq hər ay seçicilərin qəbulunu keçirirəm, seçici sayı çox olanda qəbul iki gün də çəkir. Vətəndaşlarımızın hər hansı bir problemlə bağlı mənimlə görüşmək istəklərini də müsbət qarşılayıram. Salyana gedib mütləq onları dinləyir, bəzən problemi yerindəcə həll edirəm.
-Vətən müharibəsindən sonra erməni lobbisi, əsasən müxtəlif ölkələrin parlamentlərində qondarma “dqr”ı tanıtmağa və Türkiyə əleyhinə erməniyönlü qətnamələr qəbul etdirməyə cəhd edirlər. Ermənilərin bu anti-Azərbaycan və anti-Türkiyə fəaliyyətinin qarşısının alınması məqsədilə Azərbaycan parlamenti hansı önləyici tədbir görür?
– Erməni lobbisinin anti-Azərbaycan və anti-Türkiyə təbliğatının qarşısının alınmasında Milli Məclis tərəfindən zəruri önləyici addımlar atılıb və atılmaqdadır. Təbii ki, erməni lobbi təşkilatlarının Azərbaycan əleyhinə qondarma təbliğatlarını əngəlləmək üçün bu cür fəaliyyətlərin sayını daha da artırmalıyıq. Bu mübarizədə diplomatlarımız, siyasətçilərimiz, ziyalılarımız, diasporlarımız, o cümlədən xaricdə yaşayan soydaşlarımız, xaricdə təhsil alan tələbələrimiz, QHT və KİV-lərimizin, ümumiyyətlə isə azərbaycanlı olaraq hər birimizin üzərinə böyük məsuliyyət, öhdəlik düşür.

-Siz Milli Məclisdə Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərisiniz. Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri ilə diasporumuz arasında əməkdaşlığın yaranması ermənilərə qarşı birgə işin görülməsi baxımından nə dərəcədə effektiv nəticə verə bilər?
– İşçi qrupunun rəhbəri olaraq deyə bilərəm ki, Azərbaycanın Estoniyadakı Səfirliyi ilə sıx əlaqələrimiz mövcuddur. Səfir Anar Məhərrəmovla görüşmüş, hər iki ölkə arasında daha sıx əlaqələrin qurulması, qarşılıqlı rəsmi səfərlərin təşkili, informasiya mübadiləsi və s. kimi mövzuları müzakirə etmişik.
Hər iki ölkənin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri arasında video-format şəklində görüşlər təşkil edilir. Bununla yanaşı, Estoniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sven Sesterlə mütəmadi telefon əlaqəsi saxlayıram. Torpaqlarının 30 illik işğalına son qoyan Azərbaycanın haqlı tərəf olduğunu, daim yazıq olduqlarını isbat etməyə çalışan ermənilərin saxtakarlığını, bölgədəki vəziyyətlə bağlı obyektiv durumu əks etdirən məlumatları S.Sesterin diqqətinə çatdırıram. Onu da qeyd edim ki, Azərbaycan və Estoniya arasında siyasi dialoqun davam etdirilməsi məqsədi ilə Estoniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizə dəvət olunub və bu da, iki ölkənin parlamentləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edir.

“Azerforum”