Türkiyə və Azərbaycanın möhtəşəm “Qardaşlıq dastanı” HAZIRLANDI

21 Oktyabr, 22:57

Türkiyə və Azərbaycanın uzaq tarixdən ta bu günədək uzanan qardaşlığı səhnələşdirilib. Belə ki, iki ölkənin ortaq dəyərlərini dünyaya anlatmaq üçün “Qardaşlıq dastanı” adlı səhnə əsəri hazırlanıb. Bu əsərdə iki ölkənin dastan və hekayələri teatr və rəqslə birləşdirilib.

VOICEPRESS.az-ın məlumatına görə, “Bir millət iki dövlət” hekayəsini səhnəyə daşıyan “Qardaşlıq dastanı” sabah tamaşaçıların qarşısına çıxarılacaq.

Qeyd edək ki, “Qardaşlıq dastanı” Türkiyə və Azərbaycan səhnə ustalarının birgə iştirakı ilə hazırlanıb.

Beləliklə, 22 oktyabrda Ankarada nümayiş etdiriləcək “Qardaşlıq dastanı” adlı teatr və rəqs kompozisiyası tamaşaçılara Türkiyə və Azərbaycan haqqında Nuh tufanından Novruz törənlərinə, dastanlardan qəhrəmanlara, ozanlardan şairlərə, məğlubiyyətdən zəfərə uzanan yolu tanıdacaq.

Projenin rəhbər məşhur “Anadolu atəşi” rəqs qrupunun yetirməsi Serhat Turakdır. Yeri gəlmişkən Serhat Turak əslən azərbaycanlıdır. O, İğdır Fondu İdarə Heyətinin üzvüdür.

Serhat Turak böyük səs-küy doğuran proje barədə VOICEPRESS.az saytına danışıb.


“Türkiyədə dünyaya gəlməyimə baxmayaraq, əslən azərbaycanlıyam. 20 il rəqslə məşğul olmuşam. Bir müddət əvvəl Türkiyə və Azərbaycan haqqında bir layihə hazırlamaq qərarına gəldim. Bu, iki qardaş ölkənin tarixini özündə anladan musiqili bir layihədir. Burada əsas məqsədim iki qardaş ölkənin bir-birinə bağlılığını, ortaq dəyərlərini səhnələşdirilmiş rəqs obrazları ilə dünyaya çatdırmaqdır.

Bu layihədə iki ölkənin tarixi səhnələşdirilib.

22 oktyabrda baş tutacaq tədbirimizdə Türkiyədə yaşayan bütün diaspor nümayəndələri, dövlət adamları və ən əsası ictimaiyyət iştirak edəcək”.

Serhat Turak deyib ki, Türkiyə və Azərbaycandan olan 100 sənətçinin iştirakı ilə keçiriləcək tədbirin ərsəyə gəlməsi üçün 5 il çalışılıb.

12 fərqli hekayənin yer aldığı, 2 pərdədən ibarət toplam 90 dəqiqə çəkən tədbirdə teatr və rəqsin qovuşduğu möhtəşəm səhnələr təqdim olunacaq.