“Vətəndaşların həyat səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi hər bir dövlətin sosial siyasətinin əsas məqsədidir”. Bunu VOİCEPRESS-ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, dövlət büdcəsi layihəsinə müvafiq düzəlişlərin edilməsi ilə bağlı təkliflər ən qısa müddətdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunacaq: “Bildiyimiz kimi Prezident İlham Əliyevin imzaladığı 2021-ci il 16 oktyabr tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn tapşırıqların 2022-ci ilin dövlət büdcəsi layihəsində əks etdirilməsi üçün müvafiq təkliflərin hazırlanması üzrə işlərə artıq başlanılıb. Bu isə birmənalı olaraq, Azərbaycanda əhalinin sosial müdafiəsinin lazımi səviyyədə təmin edilməsi üçün gərəkli addımların atılmasını deməkdir. Vətəndaşların həyat səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi kimi önəmli məsələ daim diqqətdə saxlanılır. Azərbaycanda genişmiqyaslı sosial siyasət aparılır. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Son illər ölkəmizdə görülən işlərin əsas məqsədi Azərbaycan vətəndaşının rifah halını yüksəltmək, işsizliyi, yoxsulluğu aradan qaldırmaqdır. 2022-ci ilin dövlət büdcəsi layihəsində əməkhaqlarının, pensiya və müavinətlərin artırılması əks olunacaqdır.
Cənab Prezident tərəfindən verilmiş sərəncam beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarının yumşaldılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Digər tərəfdən 2022 ci il dövlət büdcəsi layihəsində aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin dəyişdirilməsi onların gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılması nəzərdə tutulur. Əhalinin sosial baxımından aztəminatlı təbəqəsi daim dövlətin diqqət mərkəzindədir. Sosial sahədə büdcə vəsaitlərinin ildən-ilə artırılması bu sahəyə Azərbaycan Prezidentinin qayğısını bir daha təsdiq edir. Belə ki, sosial ödənişlərdə gözlənilən artımlar edilməsini nəzərdə tutan bu Sərəncam vətəndaş rifahının təminatı və həssas qrupların sosial müdafiəsinin Prezident İlham Əliyevin siyasətində başlıca istiqamət olduğunu bir daha təzahür etdirir.
Ona görə də, sosial islahat paketləri nəticəsində müavinət və təqaüdlərin, pensiya və əməkhaqqlarının ciddi şəkildə artımı təmin olunması istiqamətində işlər aparılır, yeni sosial təminat növləri təsis olunur ki, bu da özü özlüyündə güclü iqtisadiyyatın və sosial siyasətin ildən ilə inkişafının Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu bir daha təsdiq edir”.








