Səfir: “Azərbaycan Pakistanın ən önəmli dostudur”

0
88

“Azərbaycan Pakistanın ən önəmli dostudur”.

VOICEPRESS-in xəbərinə görə, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee jurnalistlərə açıqlamasında deyib.

“Pakistan 1947-ci ilin avqustun 14-də müstəqilliyini qazandı və bu il biz müstəqilliyimizin 74-cü il dönümünü qeyd edirik. Keçən 74 il ərzində Pakistan müxtəlif sahələrdə böyük inkişafa nail olub. Bizim iqtisadiyyatımız, insan resurslarımız böyüyüb, sənayemiz inkişaf edib. Ən əsası isə bu illər ərzində Pakistan beynəlxalq arenada vacib dostlar qazanıb. Bu məqamda xüsusilə qeyd etməyə şadam ki, Azərbaycan Pakistanın ən önəmli dostudur, iki ölkə hər zaman həm yaxşı həm də çətin zamanlarda yanaşı dayanıb, bir-birinin yanında olub. Pakistan Azərbaycanı onun çətin zamanlarında dəstəkləyib, Azərbaycan da hər zaman Pakistanın yanında olub, xüsusilə də Cəmmu və Kəşmir məsələsini vurğulamaq istərdim. Biz Azərbaycan xalqının bu cəsarətli dəstəyini yüksək qiymətləndiririk”, – deyə pakistanlı diplomat bildirib.

O deyib ki, hazırda həm Pakistan, həm də Azərbaycan yeni çətinliklərlə, COVID-19 pandemiyası ilə, iqlim dəyişikliyinin fəsadları ilə və s. üzləşib. “Belə halda hər iki ölkə –

Azərbaycan və Pakistan üçün dayanışma içində olmaq, bu çətinliklərin öhdəsindən birgə şəkildə gəlmək çox vacibdir. İnanıram ki, yaxın aylarda və illərdə hər iki ölkə bu çətinliklərin öhdəsindən uğurla gələcək. Biz öz regionumuzda rifaha, inkişafa cə sülhə nail olacağıq. Mən öz ölkəm və hökumətim adından qardaş Azərbaycan xalqına uğurlar arzu edirəm”, – Bilal Hayee əlavə edib.