Publik hüquqi şəxsə çevrilmiş qurumlarda çalışanların dövlət qulluqçusu statusunun saxlanılması təklif edilib

0
16

“Vətəndaş yatır, səhər durur ki, çalışdığı dövlət orqanı artıq publik hüquqi şəxsə çevrilib”.

VOICEPRESS-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Qüdrət Həsənquliyev ikinci oxunuşda “Əmək pensiyaları haqqında” və “Dövlət qulluğu haqqında” qanunlara dəyişikliklərin müzakirəsi zamanı bildirib.

Millət vəkili deyib ki, dövlət qurumu publik hüquqi şəxsə çevrilirsə, orada çalışan şəxslərin dövlət qulluqçusu statusu sona qədər saxlanılmalıdır: “Çünki o insanlar dövlət qurumuna daxil olarkən müxtəlif imtahanlardan, müsahibələrdən keçirlər. Həmin qurum publik hüquqi şəxsə çevrildikdən sonra ora işə qəbul olunanlar dövlət qulluqçusu hesab olunmaya bilər, çünki bu insanlar publik hüquqi şəxsə işə qəbul olunduqlarını bilirlər”.

Q. Həsənquliyev hazırda müzakirə olunan qanun layihəsində publik hüquqi şəxsə çevrilmiş dövlət qurumunda 13 il çalışmış insanların əmək pensiyalarına əlavələrin dövlət qulluqçusu kimi hesablanmasının nəzərdə tutulduğunu xatırladıb: “Bəs dövlət qurumunda çalışmış digər şəxslər necə olacaq? Ona görə də bu prinsip publik hüquqi şəxsə çevrilməzdən öncə dövlət qurumunda çalışmış bütün şəxslərə şamil olunmalıdır. Əks halda bu, Konstitusiyanın 149-cu maddəsinin 7-ci hissəsinə ziddir. Belə hallar geriyə şamil olunmamalıdır”.

Q. Həsənuliyev əvvəllər dövlət qulluqçusu olmuş deputat köməkçilərinin də dövlət qulluqçusu statusunun saxlanılmasını təklif edib.

Qanun layihəsi ikinci oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.