Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında etimadın qurulmasına cəlb olunub

0
16

“Biz Azərbaycan və Ermənistan arasında ilk növbədə etimadın qurulmasına kömək etməliyik”.

Gürcüstan bürosu xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Tbilisidə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı artıq bu prosesə cəlb olunub.

XİN başçısı Azərbaycanla Ermənistan arasında əldə olunan humanitar razılaşmanı çox mühüm addım adlandırıb:

“Ümid edirəm ki, bu proses davam edəcək. Tərəflər arasında kifayət qədər etimad yaranacağı halda Avropa İttifaqının bütün bölgənin əlaqələndirilməsinin gücləndirilməsinə cəlb olunmasının mümkünlüyü barədə danışmaq olar”.

“Dağlıq Qarabağ münaqişəsi zamanı dəymiş yaralar hələ də açıqdır, onlar hələ də sağalmayıb. Amma onları sağaltmaq lazımdır. Yaxşı əlamətdir ki, səfər zamanı bütün tərəflərin bu yaraları sağaltmağın lazım olduğunu anladığını gördük və bu proses üçün onlara tərəfdaşlar lazımdır. Aİ bunun üçün əlindən gələni etməyə hazırdır”.

Mətbuat Konfransında Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqda çıxış edib:

“Bizim Azərbaycan və Ermənistanla bağlı çox intensiv danışıqlarımız baş tutdu. Bizim məqsədimiz etimadın yaradılması üçün hansı tədbirlərin görülə biləcəyini bildirmək idi. Bu səfər bizim əvvəlcədən bildiyimizi təsdiqlədi: regionda ən çox tələb olunan şey etimaddır. Bizim məqsədimiz etimadın ilk toxumlarını əkmək idi”, – deyə bildirib.

O, Gürcüstanın və bu ölkənin baş nazirinin bu kontekstdə vacib rolunu alqışlayıb. A.Şallenberqin sözlərinə görə, Azərbaycanın Ermənistan tərəfinə hərbçiləri verməsində və Ermənistan tərəfinin Azərbaycana Ağdamdakı minalı ərazilərin xəritəsini təhvil verməsində Gürcüstanın baş naziri vacib rol oynayıb.

“Düşünürəm ki, bu üçtərəfli əməkdaşlıq bütün tərəfdaşlar üçün faydalıdır. Biz bunu qətiyyətlə dəstəkləyirik və “3+1” formatında dialoqda iştirak etməyə hazırıq”, – avstriyalı nazir deyib.