“Türkiyənin Qafqazlarda olması yalnız xoş məramın nümayişidir və Rusiyaya qarşı deyildir”. Bunu VOİCEPRESS–ə açıklamasında Azərbaycan millət vəkili Musa Urud deyib. Onun sözlərinə görə, Türkiyə bölgənin ən güclü iki dövlətindən biridir: ” Türkiyə bölgədə ən güclü dövlətlərdən biri olaraq, bölgədə sülhün və əməkdaşlığın möhkəmlənməsində maraqlıdır. Türk əsgərinin Qarabağda və Ermənistan sərhədində monitorinq aparması davamlı sülhün yaranması, asayişin qorunması, xalqlar arasında düşmənçilik hisslərinin yumşaldılması və birgəyaşayış şərtlərinin formalaşması üçün lazımdır. Son günlər ermənilərin təxribat xarakterli hərəkətlərinə baxmayaraq, bizə Rusiya qüvvələri ilə hər hansı qarşıdurma lazım deyil. Biz təmkinlə, yavaş-yavaş yeni reallıqları irəli aparmalıyıq”.
Zəngəzur dəhlizinin yaradılması əməkdaşlığın və davamlı sülhün inkişafında mühüm rol oynayacaqdır.
“Əlbəttə rus və türk silahının Qarabağda bir birinə atəş açmasını istəyən qüvvələr vardır və onlar radikal əhval ruhiyyəli erməni siyasi və hərbi “elitası” nı böyük vədlərlə qidalandırmaqla böyük sülhə maneə törətməyi hədəfləyir. Ancaq hesab edirəm ki, bulanıq suda balıq tutmaq niyyətində olanlar, Azərbaycanın yaratdığı reallıqlarla hesablaşmaq məcburiyyətində qalacaqlar”.
Ü. Fərmanqızı/VOİCEPRESS