Zəngəzur dəhlizinin regional və beynəlxalq əhəmiyyəti

0
32

“Bizim birliyimizdən çox şey asılıdır” söyləyən dövlətimizin başçısı cənab İlham Əliyev daim bu çağırışı da edirdi ki, türkdilli dövlətlərin birliyi daha da gücləndirilməli, bir ölkənin problemi digər ölkənin problemi kimi qəbul olunmalıdır. Bu gün Türkiyə-Azərbaycan birliyi ümumilikdə bütün türk dünyasına nümunə göstərilir.

30 ilə yaxın bir müddət ərzində nə beynəlxalq hüquq, nə də təşkilatlar Azərbaycan torpaqlarını işğaldan xilas etmədilər. Bu baxımdan İkinci Qarabağ müharibəsində Azərbaycan güc yolu ilə beynəlxalq hüququ təmin etməyin nümunəsini ortaya qoydu. Cəmi 44 gün ərzində işğal olunmuş torpaqlarımız azad edildi və erməni təəssübkeşlərinin hay-həşirlərinə baxmayaraq, beynəlxalq birlik respublikamızın qələbəsini ehtiramla qarşıladı.

Bəyanatın Azərbaycan ərazilərinin azad olunması ilə bağlı olan bəndləri icra olunub. Kommunikasiyaların bərpası istiqamətində fəaliyyət davam edir. Tarixi Azərbaycan ərazisi olan Zəngəzurdan keçəcək kommunikasiyalar bölgənin tranzit xəritəsinə mühüm yeniliklər gətirəcək. Bütün bunların fonunda görünən həm də odur ki, Ermənistanın başına gələnlərin, bütün dünyada milli ləyaqətinin sınmasının səbəbi bu ölkənin başında duranların yürütdüyü işğal siyasətidir. İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun alçaldıcı məğlubiyyəti və tamamilə darmadağın edilməsi ilə başa çatdı. Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının mərkəzinə çevirəcək, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək.

Möhtərəm Prezident cənab İlham Əliyev təkcə Azərbaycanın və azərbaycanlıların deyil, bütün türk dünyasının taleyini dəyişməyə müyəssər olmuş ümumtürk miqyaslı müdrik liderdir. Türk birliyi məhz onun təşəbbüsləri ilə sırf praqmatik maraqlar üzərində qurulmuş ideyaya çevrilir və Avrasiyanın mühüm hissəsinin yeni logistik və iqtisadi əsaslarda birləşməsini nəzərdə tutur. Süveyş kanalı ilə bağlı yaşananlar isə Zəngəzur dəhlizinin dünya üçün də əhəmiyyətini bir daha qabarıq şəkildə üzə çıxardı.

Türkiyə-Azərbaycan üçün o cümlədən  bütövlükdə Qafqazın sülh və inkişaf bölgəsinə çevrilməsi ilə bağlı inteqrasiya layihələri olduqca perspektivlidir. Ona görə də, bu layihələrin reallaşdırılması üçün mütləq şəkildə dayanıqlı kommunikasiya əlaqələri olmalı və dayanıqlı inkişaf istehsal mərkəzləri formalaşmalıdır. Bu istiqamətdə ən mühüm addımlardan biri məhz Naxçıvana quru dəhlizinin açılmasıdır ki, bunun nəticəsində faktiki olaraq Azərbaycanla həm Rusiya, həm Türkiyə, həm də İran arasında iqtisadi əlaqələrin inkişafı çox ciddi stimul almış olacaq. Naxçıvanla dəhlizin açılması həm də Rusiyanın Türkiyə ilə faktiki olaraq Azərbaycan vasitəsilə əlaqələrinin qurulmasının mümkünlüyü deməkdir. Eyni zamanda, Naxçıvanla dəhlizin açılması bir istiqamət üzrə də, Azərbaycan üzərindən Rusiya ilə İran əlaqələrinin açılması deməkdir və bu, bütövlükdə bölgənin iqtisadi inkişafına, real sektorun istehsal proseslərinin intensiv şəkildə inkişaf etdirilməsinə xidmət edən bir məsələdir.

Möhtərəm Prezident cənab  İlham Əliyevin Zəngəzur dəhlizinin açılması ilə bağlı çıxışında əsas vurğu heç də regional əmədaşlıq və yükdaşımaları ilə bağlı rəqabət üzərində deyil. O, öz nitqində bəyan edir ki, “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir… Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.

Bu gün cənab  İlham Əliyevin başçılığı ilə Azərbaycanın hərtərəfli yüksəlişi, dünyaya inteqrasiyası və güclü siyasəti şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin ictimai-siyasi fəaliyyəti, dövlət quruculuğunda oynadığı rolu, müstəqil Azərbaycanın varlığı və inkişafı üçün hazırladığı mükəmməl təməli İlham Əliyevin şəxsində öz layiqli davamçısını tapıb. XXI əsrin qalib sərkərdəsi Qarabağ zəfəri ilə bütün dünyaya Türkün gücünü sübut etdi. Bu yalnız güclü siyasi iradə və xalqına arxalanan dövlət başçısının əldə edə biləcəyi zəfər idi. Ona görə də böyük fəxarət və qürurla deyə bilirik – Azərbaycanın Müzəffər Ali Baş Komandanı, qalib Ordusu və sarsılmaz birliyi var. Bu amillər bölgədə danılmaz yeniliklər və reallıqları şərtləndirir.

Ermənistan rəhbərliyi Naxçıvan-Zəngilan, ya da Zəngəzur dəhlizinin reallaşmasından çox narahatdır. Çünki Atatürkün türk qapısı adlandırdığı Naxçıvan qapısını Zəngəzuru parçalamaqla bağlayan, yəni Türk dünyasının birliyini əngəlləyən qüvvələr bu dəhlizin inşası ilə planlarının pozulduğunu görürlər. Hər halda Zəngəzur dəhlizinin gerçəkləşməsi ilk növbədə, türk dünyasının quru yolunun, o cümlədən də siyasi, iqtisadi əlaqələrinin gücləndirilməsi üçün mühümdür. Doğrudur, bu dəhlizdən digər ölkələrin faydalanması da mümkündür. Ancaq əsas məsələ burada türk dövlətlərinin birliyinin güclənməsidir. Təxminən 100 ildən sonra türk dövlətləri arasında bir torpaq bağının yaranması çox mühüm hadisədir. Vaxtilə Atatürkün “Türk qapısı” adlandırdığı Zəngəzur dəhlizinin açılması ilə türk dünyası üçün yeni bir mərhələnin başlanğıcı olacaq. Azərbaycaın Türkiyə və türk dünyası ilə güclü bağının yaranmasında əhəmiyyətli rolunu daha da gücləndirəcək”.

 

Ülfət Əliyev