Rusiya erməni ordusunu guya “gücləndirir”

0
32

 

Bu sözləri VOİCEPRESS-ə açıqlamasında politoloq İlqar Vəlizadə Ermənistanın Sünik (Zəngəzur) vilayətində 102-ci hərbi bazanın “filialının” yaradılması istiqamətində danışıqların aparılması və Rusiyanın Ermənistan ordusunu modernləşdirməsi barədə rəsmi açıqlamaları şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Ermənistan bilmədən özü-özünün sonunu gətirir:

“Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında bir çox məsələlər haqda, həmçinin Ermənistan ordusunun Rusiya Silahlı Qüvvələri tərəfindən modernləşdirilməsi, eyni zamanda Zəngəzurda 102-ci hərbi bazanın “dayaq məntəqəsi”nin yaradılması haqda danışdı. Lakin bütün bunlar İrəvan üçün yaxşı heç nə vəd etmir. Məsələ ondadır ki, bütün bu proseslər parlament seçkiləri öncəsi baş tutur. Yeni silah-sursatların regiona gətirilməsi, sərhəd infrasturkturunun gücləndirilməsi və hər şeyin 102-ci hərbi bazada cəmləşdirilməsi ondan xəbər verir ki, Rusiya Ermənistandakı ordusunu gücləndirir.

Düzdür, Ermənistana hansısa bir silah-surat verilə bilər, bunu istisna etmirəm. Ancaq bunlar aparıcı silahlar olmayacaq. Daha çox köməkçi silahlar olacaq. Hətta Ermənistan-Rusiya birgə hərbi birliklərinin də yaradılması gündəmdədir. Lakin bu birliklərə rus hərbçiləri rəhbərlik edəcək. Prosesi ümumi xarakterizə etsək, deyə bilirik ki, Ermənistan ordusu öz ölkəsində ikinci dərəcəli orduya çevrilir. Paşinyan isə bunu xalqına ciddi bir uğur kimi təqdim edir”.

Politoloqun sözlərinə görə, Rusiyanın Ermənistanda günü-gündən güclənməsinin günahkarı rəsmi İrəvandır:

“Hər halda Ermənistan özü təkidlə Rusiyanı ölkəyə dəvət etməsə, rəsmi Moskva orda hərbi mövcudiyyətini artırmazdı. Məsələ ondadır ki, rəsmi İrəvan hələ də Türkiyə və Azərbaycandan özünə qarşı ciddi bir təhlükə gözləyir. Halbuki bunun heç bir məntiqi əsası yoxdur. Çünki Azərbaycan Ermənistanın beynəlxalq aləmdə tanınan sərhədləri daxilinə müdaxilə etmək niyyətində olmadığını 44 günlük müharibə dövründə açıq şəkildə göstərdi. Ermənistan ərazisindən ölkəmizin mülki şəhərlərini ballistik raketlə atəşə tutarkən belə rəsmi Bakı qarşılıq vermədi. Bu mənada deyə bilərəm ki, rəsmi İrəvan özü öz sonunu gətirir. Təbii ki, Rusiya belə bir dəvəti heç vaxt geri çevirməz. Ermənistan nə qədər ki, Azərbaycan və Türkiyədən özünə qarşı təhdid gözləyəcək, qonşuları ilə sülh bağlamayacaq, özündən qat-qat güclü qonşularına ərazi iddiası edəcək, heç vaxt müstəqil ölkə olmayacaq”.