Putinin telefon zəngi: Bakı nəyə hazırlaşır?

0
48

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun  müsahibəsi:

– Ötən gün Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla telefon söhbəti oldu. Sizcə, Kreml rəhbərinin iki ölkə başçısı ilə telefon danışığını zəruri edən səbəb nədir?

– Məsələ ondadır ki, Bakı İrəvanın kommunikasiya xətlərinin açılmasına əngəl yaratdığını bildirir, İrəvan isə əsirlərin geri qaytarılmadığını iddia edir. Buna görə də Rusiya Prezidenti Vladimir Putin iki ölkənin lideri ilə telefon danışığına ehtiyac duyub. Əvvəla, onu qeyd edim ki, Putin telefon danışığında atəşkəsə riayət edilməsindən razı qaldığını bildirərək, 10 noyabr və 11 yanvar bəyanatlarının yerinə yetirilməsinin durumunu tərəfdaşları ilə müzakirə edib. Ümumilikdə isə düşünürəm, bu telefon zənginin iki mənası var: Birincisi, Putin göstərmək istəyir ki, proses Rusiyanın nəzarəti altındadır; İkincisi, 10 noyabr və 11 yanvar bəyanatlarının yerinə yetirilməsi sürətləndirilməlidir.

Aydındır ki, bəyanatları yerinə yetirməyən Ermənistandır. Bu gün Qarabağda hələ də silahlı separatçılar var. Rəsmi İrəvan kommunikasiya xətlərinin açılmasına maraq göstərmir və bunun nəticəsidir ki, 1 mart tarixinə qədər liderlərin masasına təkliflər paketi təqdim edilməyib.

– Azərbaycanın müharibədən sonra təkbaşına və Türkiyə ilə birgə ardıcıl hərbi təlimlər keçirir. Sizcə, bu Ermənistanın kommunikasiya xətlərinin açılmasına maraq göstərməməsinə qarşı edilən bir xəbərdarlıqdır?

– Bunun Ermənistana bir xəbərdarlıq olub-olmadığı ilə bağlı nəsə demək çətindir. Lakin Azərbaycanın müharibədən sonra təkbaşına və Türkiyə ilə birgə hərbi təlimlərinin sayını artırması doğru strategiyadır. Bu, Ermənistanı məcbur edir ki, onun da ordusu buna hansısa formada reaksiya versin, hərbi təlimə maliyyə ayırsın, məhdud hərbi sursatlarını istifadə etsin və s.

Müharibədən əvvəl erməni rəsmilər və generallar özlərindən razı halda deyirdilər ki, Ermənistanın hərbi büdcəsi Azərbaycanın hərbi büdcəsindən az olsa da, guya keyfiyyətdə üstündürlər. Gördük Ermənistan ordusunun “keyfiyyətini”. İndi ermənilər özləri də başa düşürlər ki, onlara yalan danışıblar, orduda keyfiyyətdən danışmağa dəyməz. Belə olan halda Ermənistanın ordu rəhbərliyi hərbi təlimlər məsələsində Azərbaycan ordusu ilə ayaqlaşmağa çalışmalıdır, əks halda erməni cəmiyyəti hakimiyyətə “Azərbaycan Ordusu az qala hər ay təlim keçirir, bəs bizim ordu niyə keçirmir, sabah yenə müharibə başlasa, nə edəcəyik?” sualını ünvanlayacaq. Ermənistan hakimiyyəti və ordu rəhbərliyi bu sualdan canlarını qurtarmaq məqsədilə gözə kül üfürmək üçün bir neçə minlik hərbçinin kağız üzərində “təlimini” keçirmək məcburiyyətindədirlər.

– Ermənistanın regional siyasəti qədər daxili siyasəti də qeyri-sabit olmaqda davam edir. Sizcə, Ermənistanda mövcud vəziyyət hələ nə qədər davam edəcək?

– Ermənistandakı mövcud vəziyyəti mən “əcinnə ovu”na bənzədərdim. Kobud şəkildə desək, kimin kimdən xoşu gəlmirsə, onu satqınlıqda – Türkiyəyə və Azərbaycana işləməkdə ittiham edir. Hətta iş o yerə çatıb ki, “Baş nazir Nikol Paşinyan türkdür”, “Prezident Armen Sərkisyan Bakıda olub” kimi ittihamlar da səsləndirilir. Yeri gəlmişkən, onu da deyim ki, indi də Ermənistanda yeni bir siyasi tendensiya başlayıb. Xarici düşmənlərin axtarışına başlayıblar. Xarici təşkilatlardan birinin İrəvandakı təmsilçisinə qarşı Türkiyəyə çalışdığı iddiasını irəli sürərək onu ölkədən qovublar, digər təşkilatı isə Qarabağda basdırılan minaların xəritəsini Azərbaycana ötürməsində ittiham ediblər. Guya məhz buna görə Azərbaycan ordusu Şuşaya daxil ola bilib, sanki şəhərimizi döyüşsüz azad etmişik.

Göründüyü kimi, məğlub ölkənin bir-birini didən qüvvələri özlərindən başqa hamını ittiham edirlər. O ki qaldı mövcud vəziyyətin davam etməsinə, proses nə qədər uzun müddət davam etsə, bizə bir o qədər sərf edir. Gücsüz, zəif və siyasi hərc-mərclik içərisində olan bir Ermənistan hər zaman rəsmi Bakının maraqlarına uyğundur.