Prezident Administrasiyasının şöbə müdiri partiyaların qadın üzvləri ilə görüşüb

0
96

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə martın 6-da “Siyasi dialoqda qadınların rolu” mövzusunda videokonfrans formatında tədbir keçirilib.

VOİCEPRESS xəbər verir ki, tədbirdə 31 siyasi partiyanı (Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratik İslahatlar Partiyası, Ana Vətən Partiyası, Milli Cəbhə Partiyası, Azərbaycan Ümid Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, AĞ Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Vəhdət Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Gələcək Azərbaycan Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Müasir Müsavat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Kommunist Partiyası, Aydınlar Partiyası, Müstəqil Xalq Partiyası, Milli Həmrəylik Partiyası, Yeni Zaman Partiyası, Ədalət Partiyası, Birlik Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Cümhuriyyət Xalq Partiyası, Müsavat Partiyası, Azərbaycan Xalq Partiyası) təmsil edən 50-dən çox qadın iştirak edib.

Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev görüşdə iştirak edən qadınları Prezident İlham Əliyevin adından 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib və ölkə rəhbərliyinin siyasi dialoqun təşviqində qadınların daha fəal roluna ümid bəslədiyini bildirib.

Dövlətin, həmçinin ictimai təfəkkürün inkişafında qadınların rolu kontekstində tarixə ekskurs edən şöbə müdiri tarixi ənənələrin parlaq davamçısı olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dünya siyasi arenasında öz sözünü deyən müasir dünyamızın ən nüfuzlu qadınları sırasında öncül yer tutduğunu vurğulayıb, onun müstəqil Azərbaycanın aparıcı qadın qüvvəsinin siması olmaqla, qadın hərəkatını canlandırdığını, bu istiqamətdə məzmun etibarilə yeni, müasir mərhələ açdığını qeyd edib. Azərbaycanın beynəlxalq təşəbbüsləri və uğurları kontekstində Mehriban xanım Əliyevanın rəhbərliyi və bilavasitə iştirakı ilə həyata keçirilən humanitar xarakterli, habelə multikulturalizm, mədəniyyətlərarası dialoq, tolerantlıq və bu kimi digər inteqrativ məzmunlu qlobal layihələrin dünya ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandığı diqqətə çatdırılıb.

Sonra Administrasiya rəsmisi Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə reallaşdırılan sistemli islahatlar, həmçinin siyasi dialoq mühitinin təşviqi istiqamətində görülmüş işlər haqqında məlumat verib. Siyasi proseslərdə iştirak edən tərəflər arasında sağlam və etibarlı münasibətlərin qorunmasında qadınların əvəzolunmaz rolunun, vətəndaş cəmiyyəti institutlarının daha fəal mövqe tutmalarının vacibliyini qeyd edib.

Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Qadınlar siyasi həmrəylik uğrunda”, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının üzvü Fatma Yıldırım “Qadınların demokratik parlament ənənələrinin inkişafında rolu və siyasi dialoqa töhfələri”, Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri “Müsavat Partiyasının üzvü) Novella Cəfərova “Vətən müharibəsi və insan hüquqları”, Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova “Siyasi proseslərdə qadınların iştirakı”, Hüquq müdafiəçisi İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin rəhbəri (Müsavat Partiyasının üzvü) Səidə Qocamanlı “Qadınların qərar qəbuletmədə rolu”, Vətəndaş Həmrəyliyi Partiyasının üzvü (Azəri-Türk Qadınlar Birliyinin sədri) Tənzilə Rüstəmxanlı “Vətən müharibəsində qəhrəman qadınlar”, Azərbaycan Ümid Partiyası sədrinin müavini Tamilla Qulami “Qadınlar barış və dialoq təbliğatçılarıdırlar”, Azərbaycan Milli İstiqlal Partiyasının fəalı Ceyran Ənsər “Siyasi dialoq mədəniyyətinin inkişafı”, Ana Vətən Partiyası sədrinin müavini Günay Ağamalı “Siyasi dialoqun zərurəti: mövcud vəziyyət və perspektivlər”, Milli Cəbhə Partiyasının fəalı Almaz Məmmədova “Təhsildən kənar qalan qadınlar: mövcud problemlər və çıxış yolları” və iştirakı” və Gələcək Azərbaycan Partiyası Qadınlarla iş üzrə sədrinin müavini Tovuz Soltanova “İctimai sektorda qadınların fəaliyyəti və inkişaf yolu” mövzuları üzrə məruzələrlə çıxış ediblər.

Sonda Administrasiya rəsmisi ölkənin ictimai-siyasi həyatında fəal mövqe tutmuş qadınların bundan sonra da dövlətin inkişafında və cəmiyyətdə yaşanan həmrəylik mühitinin qorunmasında öz bilik və bacarıqlarının əsirgəməyəcəklərində əminliyini bildirib.

Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımovanın videokonfransda nitqini diqqətinizə çatdırırıq: 

Hörməli tədbir iştirakçıları, dəyərli və əziz xanımlar!

Bu gün Azərbaycan qadını elmli, ziyalı, təhsilli bir qadındır.  Bu gün  Azərbaycan qadını həm həkim, həm müəllim, həm memar, həm dövlət qulluqçusu, həm də ictimai-siyasi xadimdir. Amma ən önəmlisi Azərbaycan qadını dediyimizdə vətən uğrunda canını fəda edən igid əsgərlər yetişdirən şəhid analarıdır. Hesab edirəm, ilk öncə, 30 illik həsrətimizi dindirən, bizi Qarabağımıza qovuşduran, vətən yolunda canını qurban verən igidlərimizi yetişdirən analarımızın qarşısında baş əymək gərəkir.

Müasir həyatımızda Azərbaycan qadınının fəallığı diqqət mərkəzindədir. Demək olar ki, respublikanın bütün sahələrində qadınlarımız təmsil olunur. Elə bir sahə yoxdur ki, orada Azərbaycan qadınının səsi eşidilməsin, onun fəaliyyəti şaxələnməsin.

Bu gün Azərbaycanda əminliklə deyə bilərik ki, istər Bələdiyyə seçkilərində, istər Parlament  seçkilərində qadınlarımızın aktiv iştirak etməsi sevindirici haldır. Ulu Öndər Heydər Əliyevin qadına verdiyi qiymət, qadınların qurultayındakı çıxışı və Azərbaycan qadını haqqında ifadə etdiyi səmimi tarixi  fikirlər, inanıram ki, heç bir qadının yaddaşından silinə bilməz.

Dahi öndər Heydər Əliyev tərəfindən Azərbaycan qadınına olan diqqət və qayğı, bu gün də Cənab İlham Əliyev tərəfindən layiqli şəkildə  davam etdirilir.

Bir məqamı xüsusi olaraq, vurğulamaq lazımdır ki, bu gün Azərbaycan qadınları üçün   Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti örnək təşkil edir.  Respublikanın Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın gördüyü işlər çox dəyərli və qiymətlidir. Onun Azərbaycan mədəniyyətinə, təhsilinə, səhiyyəsinə göstərdiyi qayğı və diqqəti bütün dünya görür və qiymətləndirir. Bu gün qadınlarımızın səsi dünyanın hər yerində eşidilir.

Mən, bir  qadın partiya sədri olaraq, bu gün əminliklə deyə bilərəm ki, Azərbaycanda qadınların fəaliyyəti üçün hər sahədə bütün imkanlar mövcuddur və hər bir şərait yaradılır. Məhz bu nöqteyi nəzərdən, hesab edirəm ki, xüsusilə Azərbaycan qadının  xeyriyyətçi, mərhəmətli, ictimai-siyasi fəaliyyətdə olan bir varlıq olduğunu dünya ictimaiyyətinə nümayiş etdirmək hər birimizin öncül vəzifələrindən biridir.

Qeyd etmək istəyirəm ki, bu gün yüksək iqtisadi inkişaf tempi əldə etmiş ölkəmizdə qadınların iqtisadi sektordakı akivliyinin artırılmasına ehtiyac duyulmaqdadır. Düşünürəm ki,  qadın sahibkarlara dəstək xarakterli xüsusi imtiyazların nəzərdə tutulması, müəyyən güzəştlərin edilməsi fəallığın artırılmasına təkan verəcəkdir. Eyni zamanda, diqqətə çatdırmaq istərdim ki, ölkəmizdə qadınlarımızın və qızlarımızın təhsil hüququ tam şəkildə təmin olunsa da, bəzən əfsuslar olsun ki, regionlarda bunun əksinə cərəyan edən, qızların təhsildən kənarlaşdırılması, erkən nigah halları ilə qarşılaşmış oluruq. Belə mənfi hallara qarşı dövlətimiz tərəfindən aparılan effekitv fəaliyyətə dəstək vermək üçün siyasi partiyaların Təhsil nazirliyi ilə birgə maarifləndirmə işlərinin aparılmasında iştirak etməsi, gözəl təşəbbüs olardı.

Belə ki, siyasi parityaların nümayəndəsi olan, aktivliyi ilə seçilən, eləcə də parlamentdə təmsil olunan qadınlarımızın region məktəblərində qızlarla, rayonlarda qadınlarla müzakirələr aparması, seminarlar təşkil etməsi, mütəmadi görüşlər keçirməsi, mövcud problemlərin həllinə  yaxından köməklik göstərə bilər.

Bir sözlə, hər birimiz Mehriban xanım Əliyevanın  apardığı siyasəti bir nümunə olaraq ictimai fəaliyyətimizdə davam etdirməyə çalışmalıyıq və bu amili beynəlxalq ictimaiyyətə çatdırmalıyıq.

Fürsətdən istifadə edərək, başda Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin rəhbəri Ədalət Vəliyev olmaqla, bütün şöbənin heyyətinə partiya sədri olaraq, bizlərə müəyyən məsələlərlə  bağlı təkliflərimizi, fikirlərimizi dövlət səviyyəsində çatdırmaq imkanının yaratdıqları üçün səmimi qəlbdən təşəkkürümü bildirmək istəyirəm. Xüsusən bu gün ölkəmizin dəyərli xanimlarını bir tədbir çərçivəsində bir araya gətirməsi təşəbbüsünü alqışlayıram.

Əziz xanımlar, hər birinizi qarşıdan gələn 8 mart Beynəlxalq qadınlar günü münasibəti ilə təbrik edirəm. Sizə uzun ömür və can sağlığı arzu edirəm!Diqqətinizə görə təşəkkür edirəm!