ASRP sədri Ağdam şəhərinə səfər edib

0
64

Azərbaycanda fəaliyyət göstərən siyasi partiya rəhbərlərinin işğaldan azad edilən Ağdam şəhərinə səfəri baş tutub.

Məlumata  görə, partiya sədrlərini Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev müşayiət edib.

Səfərdə Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova başda olmaqla, ölkənin əksər siyasi partiyalarının sədrləri və rəsmiləri iştirak edib.

Nümayəndə heyəti Ağdamda 30 ilə yaxın müddət ərzində ermənilər tərəfindən törədilmiş vəhşilik və dağıntılarla tanış olublar.

“Ağdam şəhərindən əsər əlamət qalmayıb. Erməni vandalizminin  izlərini hər yerdə görmək mümkündür”. Bunu səfərdən sonra VOICEPRESS-ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova səfərlə bağlı təəsüratlarını paylaşırkən söyləyib. Onun sözlərinə görə, ermənilər tərəfindən dağıdılan bütün mədəniyyət abidələri, məzarlar, sadəcə ermənilərdə “Azərbaycan fobiyası”, “Türk fobiyasının” olduğunu sübut edir: “30 il müddətində bütün tikililər, mədəniyət abidələrimiz, məzarlar belə ermənilərin məkirli siyasətinin hədəfinə çevrilib. Dünya ictimaiyyəti bunlara səssiz qalmamalıdır.

Digər tərəfdən bu gün ilk dəfə idi ki, işğal altından azad olunmuş torpaqlara səfər edirdik.  Nəhayət illərdir həsrətini çəkdiyimiz torpaqlarımıza gedə bildik. Bu günü o qədər uzun zamandır gözləyirdim ki, inanın səmimiyyətimə bu həyəcanı və sevinci təsvir etmək üçün sanki bütün kəlimələr yetərsizdir… Dövlətimizin başçısı Cənab İlham Əliyev  Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırmağa müvəffəq oldu. Tam İyirmi yeddi ildən sonra işğaldan azad olunan Ağdamda indi dövlət bayrağımız qürurla dalğalanır. Bu görüntüləri  bir azərbaycanlı olaraq, fəxrlə və böyük sevinclə izləyirəm.

Ama digər tərəfdən, ətrafa baxarkən, erməni vandalizminin qalıqlarını görmək mümkündür. Bir vaxtlar qaynar həyatın olduğu, əməksevər insanların qurub-yaratdıqları abad şəhərdən əsər-əlamət qalmayıb. Erməni işğalçılar xislətlərinə uyğun olaraq, Ağdamın ağ damlarını xarabalığa çeviriblər, şəhəri darmadağın ediblər…

Ama ermənilərin xarabalığa çevirdiyi bu yerlərin tezliklə turizmin incisinə çevriləcəyinə inanıram. Cənab Prezidentimizin apardığı siyasətin əsas özəlliyi hər şeyin ən gözəlini, ən yaxşısını xalqımız üçün, dövlətimiz üçün olmasını təmin etməkdir.

Prezident İlham Əliyev Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışlamaqla, 27 il azana, həsrət qalan Ağdam məscidinə yeni nəfəs verdi. Bu özü hesab edirəm, ermənilərin məkirli siyasətləri üzərində qazanılmış zəfərdir. Döyüş meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin.

Biz bu torpaqlara Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir.

Cənab Prezident beynəlxalq müstəvidə böyük işlər apardı. Əgər Cənab İlham Əliyev  münaqişənin həlli üçün lazımi hüquqi baza yaratmasaydı, bu gün biz nəinki, torpaqlaımızı azad edə bilərdik, hətta  problemlərlə üzləşə bilərdik. Sevindirici haldır ki, məhz İlham Əliyevin apardığı siyasət sayəsində  bir çox beynəlxalq təşkilatların ədalətli, beynəlxalq hüququ əks etdirən qərar və qətnamələr qəbul etmələrinə müvəffəq olduq. Cənab Prezidentin münaqişənin həlli üçün hüquqi baza yaratdı. Məhz dövlət rəhbərinin  beynəlxalq media sahəsində müzəffər savaşçı kimi bütün qərəzli sualları faktlara əsaslanaraq, susdurmaqla Azərbaycanın  informasiya müharibəsində qələbə qazanmasına nail oldu.

Bu gün Ağdam rayonunun dağıdılmış infrastrukturunun yenidən bərpasına ehtiyac var. Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi:”Biz tarix yazırıq, yeni tarix”. Bu isə o deməkdir ki, Ağdam üçün yeni dövr başlayır.

Eşq olsun İlham Əliyev kimi xalqını düşünən liderə! Eşq olsun Azərbaycan xalqına! Eşq olsun Azərbaycan əsgərinə! Ağdam bizimdir! Qarabağ Azərbaycandır!”