Sərkisyanın etirafı: İrəvana sanksiya tətbiq olunmalıdır

0
16

Kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, bu yaxınlarda Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan “Armnyus” (Armnews) kanalına verdiyi müsahibəsində İkinci Qarabağ müharibəsi dövründə Ermənistan hərbi qüvvələrinin Azərbaycanın Gəncə şəhərindəki mülki yaşayış məntəqələrini qəsdən hədəfə aldıqlarını açıq şəkildə etiraf edib.

VOICEPRESS xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

“Eyni zamanda, S.Sərkisyan öz müsahibəsində İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfinin “İsgəndər” əməliyyat-taktiki ballistik raket sistemindən istifadə etməsi məsələsinə toxunub və bu silahın müharibənin son dövründə Şuşa istiqamətində istifadə edildiyini bildirib.

Bu, bir daha təsdiq edir ki, müharibə dövründə Ermənistan Azərbaycanın döyüş zonasından uzaq məsafədə yerləşən, əhalinin sıx məskunlaşdığı ərazilərində mülki şəxslərə və mülki infrastrukturlara qadağan olunmuş silahlardan istifadə etməklə hücumlar edərək, çoxsaylı insan tələfatına səbəb olub, nəticədə 12-si uşaq olmaqla, 94 mülki şəxs həlak olub və 54-ü uşaq olmaqla, 414 mülki şəxs yaralanıb, 4 uşaq hər iki valideynini itirib. Buna baxmayaraq, Ermənistan tərəfi bu günə qədər münaqişə barədə saxta xəbərlər yaymaqla dünya ictimaiyyətini çaşdırmaq cəhdlərini davam etdirir və bu yanaşma münaqişədən sonrakı sülh quruculuğu prosesini sarsıdır.

Bütün bunlar Ermənistanın hazırkı hərbi-siyasi rəhbərliyi tərəfindən Cenevrə konvensiyaları və onların Əlavə protokollarının, xüsusilə “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” IV Cenevrə Konvensiyasının, “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” Haaqa Konvensiyasının, “Uşaq hüquqları haqqında” Konvensiyanın və insan hüquqları sahəsində digər beynəlxalq sənədlərin müddəalarının kobud şəkildə pozulması faktı kimi qiymətləndirilməli və müvafiq sanksiyalar tətbiq edilməlidir”, – məlumatda bildirilib.