Putin hərəkətə keçdi: “Generallara xüsusi tapşırıq…”

0
24

“Rusiya Prezidenti Vladimir Putin 25 nəfərə general rütbələrinin verilməsi barədə sərəncam imzalayıb. Onlardan 8 nəfəri Daxili İşlər Nazirliyinin, 8 nəfəri isə “Rosqvardiya”nın əməkdaşıdır. Bundan başqa, Rusiya mətbuatı bölgələrdəki “Rosqvardiya” rəhbərlərinin statusunun dəyişdiriləcəyi anonsunu da verib”.

VOİCEPRESS xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

Ekspert bildirib ki, müvafiq qərara əsasən, Rusiyanın əhali sayı bir milyondan yuxarı olan 20 subyektində “Rosqvardiya” rəhbərləri generallar olacaq:

“Hazırda həmin vəzifələri polkovnik rütbəli şəxslər tutur. Rusiya hakimiyyəti özünü qorumaq üçün güc strukturlarını möhkəmləndirir və indiki həm sosial-iqtisadi, həm də ictimai-siyasi reallıqda bu, tamamilə anlaşılandır. Ümumiyyətlə, Putinin son günlər keçirdiyi görüşlər və telefon danışıqları çox maraqlıdır: Lukaşenko və Maduro ilə ikitərəfli əməkdaşlıq, Paraqvay və Qazaxıstan prezidentləri ilə Rusiya vaksininin bu ölkələrə satışı. Prezident və vaksin satışı – maraqlıdır.

Qaldı Afrika və Şimali Koreya diktatorları, bir də Myanmadakı hərbi xuntanın rəhbəri. Qeyd edim ki, Myanmadakı xuntanın bugünkü rəhbəri ilə Şoyqu çevrilişdən 2-3 gün əvvəl görüşmüşdü. Özü də tənbəllik eləmədən durub ora getmişdi.

Bu arada Rusiyada “Putin Mərkəzi”nin yaradılması haqda söz-söhbətlər dolaşsa da, prezidentin sözçüsü Peskov bildirib ki, belə bir mərkəzin yaradılacağı haqda heç bir məlumatı yoxdur”.

Ərəstun Oruclu qeyd edib ki, Qərb liderləri isə videoformatda keçirilən Münhen Təhlükəsizlik Konfransında əsasən Tramp administrasiyası dönəmində xeyli pozulmuş ABŞ-Avropa münasibətlərinin əvvəlki məcraya qaytarılmasını müzakirə ediblər: “Deyələnə görə, nəticələr də pis deyil”.

Ekspert dünyanın yenidən sürətlə qütbləşdiyini deyib.