Azərbaycan Sosial Rifah Partiyası Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb

0
120

Azərbaycan Sosial Rifah Partiyası  Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb.

Partiyadan verilən açıqlamada bildirilib ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Azərbaycanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyəti tərəfindən Xocalı soyqırımı törədilib.

“29 il əvvəl törədilmiş Xocalı soyqırımı zamanı mühasirədə olan şəhərin dinc əhalisi üzərinə ağır hərbi texnika yeridilərək yerli əhali xüsusi qəddarlıqla qətlə yetirilib. Yandırılan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməyib, dinc sakinlər yollarda, meşələrdə pusqu qurularaq xüsusi amansızlıqla öldürülüb. Bu cinayət beynəlxalq hüququn norma və prinsiplərinin və əsas insan hüquqlarının kobudcasına pozulmasıdır. İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Eyni zamanda, 487 nəfər dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də məlum deyil. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilib. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. İnsanlıq adına qanlı bir ləkə olan bu cür qətliamların təkrarlanmaması üçün beynəlxalq ictimaiyyət, BMT Təhlükəsizlik Şurası, ATƏT və İslam Əməkdaşlıq Təşkilatının qərarları çərçivəsində Xocalı soyqırımına layiq olduğu diqqəti verməsi və lazımi reaksiya göstərməsinin vacib olduğunu bir daha vurğulayırıq. Bu haqlı davada həmrəyliyimizi ifadə edirərək, Xocalı soyqırımına görə məsuliyyət daşıyan şəxslərin beynəlxalq məhkəmə qarşısına çıxarılmasına çağırırıq”

Bəyanatda bildirilir ki, Ermənistan tərəfindən insanlıq əleyhinə törədilmiş bu dəhşətli cinayətlər nəticəsində insan hüquq və azadlıqlarının müdafiəsi naminə 1949-cu il Cenevrə Konvensiyasına əsasən dünya birliyi bu ədalətsizliyə göz yummamalıdır. Hər bir beynəlxalq təşkilat Xocalı soyqrımı da, Xolokost, Lidiçe, Srebrenitsa  qətliamları kimi dünya birliyi tərəfindən qəbul edilməlidir. BMT 30 ilə yaxın müddət ərazində 4 qətnamənin icrasını işğalçı Ermənistandan tələb edə bilmədi. Azərbaycan məcbur qalıb, regionda sülh və əminamanlıq naminə özü erməni terroru ilə mübarizə edərək, BMT-nin 4 qətnaməsini icra edilməsinə nail oldu. Bu gün isə BMT  birmənalı şəkildə Xocalı soyqrımı üçün gərəkli qətnaməni qəbul etməlidir. Qətnaməyə görə erməni işğalçıları törətdikləri qətliama görə təzminat ödəməli və məsuliyyətə cəlb olunmalıdırlar.

Əfsuslar olsun ki, bu günə qədər beynəlxalq ictimaiyyət tərəfindən bu soyqırımı aktına lazımi siyasi və hüquqi qiymət verilməyib.  Cinayəti törətmiş şəxslər hələ də məsuliyyətə cəlb edilməyib və dünya ictimaiyyəti bu məsələyə ikili standartalardan yanaşma sərgiləməyə davam edirlər.

İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayətə münasibətdə biganəlik və ikili standartlar təcavüzkarı cəsaz buraxmaq, onun etnik təmizləmə siyasətinə göz yummaq ən az soyqrımı törədənlər qədər cinayət məsuliyyəti daşımalıdır.

Dünya ictimaiyyəti anlamalıdır ki,  Xocalı soyqırımına adekvat reaksiya verməməklə, yeni soyqrımlara imza atmış olacaqlar. Vaxtı ilə 31 mart 1918 ci il erməni nasistləri tərəfindən törədilən  qətliama göz yumulmasaydı, Xocalı soyqrımının qarşısını almaq olardı. Ona görə də, ikili standartlar tətbiq edən dünya ictimaiyyəti bu cinayətə ortaq olmuş olur.

Partiyanın verdiyi məlumata görə, bəyanat  15 dən çox beynəlxalq təşkilatalara ünvanlanmışdır.