Türkiyə və Rusiyanın dəmir yolu arteriyaları birləşəcək – Əliyev

0
80

Görüş çox faydalı və hesab edirəm ki, səmərəli oldu. Ona görə ki, görüşün yekunlarına əsasən biz Bəyanat imzaladıq. Bu, müharibə qurtarandan iki ay sonra imzalanmış və mahiyyət etibarilə keçən il baş verənlərə yekun vuran ikinci Bəyanatdır.

VOİCEPRESS xəbər verir ki, bunu Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə təkbətək görüşdə bildirib.

“Bu Bəyanat bizim regionda tamamilə yeni vəziyyət yaranmasına – nəqliyyat kommunikasiyalarının bərpasına yönəlib. Bizim üçün bu, böyük əhəmiyyət kəsb edir, çünki beləliklə, 30 ildən artıq müddətdən sonra Azərbaycan Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyaları vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə əlaqə imkanına, Ermənistan da Azərbaycan ərazisindən keçməklə Rusiyaya, İrana dəmir yolu çıxışı imkanına malik olacaq. Biz, həmçinin Naxçıvan Muxtar Respublikası ərazisindən keçməklə Türkiyə bazarına çıxış əldə edəcəyik, Türkiyənin və Rusiyanın dəmir yolu arteriyaları birləşəcək. Yəni, bu Bəyanat çox böyük perspektivlər açır və əminəm ki, bizim bu gün yaratdığımız İşçi qrupu səmərəli işləyəcək, layihələrin reallaşdırılması barədə bizə vaxtaşırı məruzə edəcəkdir. Orada bir deyil, bir neçə layihə var. Əminəm ki, onlar hamısı reallaşacaq”, – İ.Əliyev söyləyib.