Qarabağa ilk qayıdışın başlayacağı şəhər, rayon, kənd…

0
16

Prezident İlham Əliyevin sərəncamı ilə “Qarabağ Dirçəliş Fondu” yaradılıb.

Fondun Müşahidə Şurasının üzvü, deputat Fatma Yıldırım VOİCEPRESS-ə açıqlamasında bildirib ki, “Qarabağ Dirçəliş Fondu”nun yaradılması dövlət üçün çox vacib məsələdir:

“Sərəncamda Fondun Müşahidə Şiurasının fəaliyyət istiqamətləri qeyd olunub. Əsas tapşırıqlardan biri Nizamnamənin hazır olmasıdır. Nizamnamə hazır olandan sonra hər şey daha dəqiq məlum olacaq. Müşahidə Şurasının əsas missiyası Fondun fəaliyyətinin ümumi işinə nəzarət və rəhbərlik məsələsidir”.

Fatma Yıldırımın sözlərinə görə, xarici və daxili sərmayənin bu işə cəlb olunması da çox önəmli haldır:

“İşğalçı Ermənistan 30 ilə yaxın müddətdə torpaqlarımızı viran edib. Təbii ki, yenidənqurma işləri uzun zaman alacaq. O səbəbdən də belə Fondun yaradılması zəruri idi. Çünki xalqımız müharibə dövründə necə aktiv formada həmrəylik göstərib bir oldusa, quruculuq mərhələsində də iş adamlarından tutmuş sıravi vətəndalara qədər hər kəs kiçik də olsa, töhfə vermək istəyir. Kəndlərimizi, qəsəbələrimizi, şəhərlərimizi nə qədər tez bərpa etsək, məcburi köçkünlərimiz də daha tez o torpaqlarımıza geri qayıdacaqlar. Bu fondun yaradılması maliyyə dəstəyi baxımından çox yaxşı təşəbbüsdür”.

Fondun Müşahidə Şurasının üzvü, ilk quruculuq işlərinə hansı bölgədən başlanılmalı olduğunu da şərh edib:

“Bəllidir ki, işğaldan azad olunmuş ərazilərimizdə müəyyən işlərə start verilib. Cənab Prezidentin tapşırığı ilə Suqovuşana yol çəkilib. Artıq Şuşaya da müasir standartlara uyğun yol çəkilir. İşğaldan azad edilmiş hər bir torpağımız bizim üçün dəyərlidir.
İlk mərhələ olaraq ərazilərimizin minalardan təmizlənməsi həyata keçirilir. Dəymiş ziyan müəyyən olunandan sonra şəhərlərimizlə bağlı planlar hazırlanacaq. Bu istiqamətdə işlər sürətlə aparılır. Bu işlər üçün ümumi heyət ayrılıb. Tamamilə dağıdılmış şəhərlərimiz var. Elə şəhərlərimiz də var ki, ermənilər orada məskunlaşma siyasəti həyata keçirərək yaşayıblar”.

“Təbii ən önəmlisi odur ki, insanlar daha tez hansı rayona köçəcək. Düşünürəm ki, bu da bir müddətdən sonra bəlli olacaq”-deyə Fatma Yıldırım əlavə edib.