Ermənistanı defolt gözləyir – Aramyan

0
24

Ermənistan iqtisadiyyatını xilas etmək və mümkün kollapsın qarşısını almaq üçün populist addımlardan təcili imtina etmək lazımdır.

VOICEPRESS  xəbər verir ki, bunu Ermənistanın keçmiş maliyyə naziri, maliyyə menecmenti üzrə beynəlxalq mütəxəssis Vardan Aramyan yerli mediaya açıqlamasında 2021-ci ildə ölkəni gözləyən maliyyə-iqtisadi problemlərdən danışarkən deyib.

“Populist addımlar iqtisadi potensialın israfına gətirib çıxarır, yəni: hökumətin bu an üçün hərəkətləri ona hesablanıb ki, cəmiyyət, məsələn, kimin üçünsə doğum müavinətinin həcmini artırdığına görə Nazirlər Kabinetini tərifləsin. Və ya cəmiyyət deməlidir ki, heç bir hökumət indiki hökumət qədər minimum əmək haqqını kəskin artırmayıb”, – deyə Aramyan fikrinə davam edib.

Keçmiş nazirin sözlərinə görə, hakimiyyət orqanlarının son iki il yarımdakı ağıllı olmayan iqtisadi siyasəti Ermənistan iqtisadiyyatının onurğa sütununu qırıb: “Bundan əlavə, 2021-ci ildə Ermənistanı bu sahədə çox ciddi risklər təhdid edir. Yeri gəlmişkən, Qarabağdakı müharibədən və koronavirus pandemiyasından əvvəl – 2019-cu ildə investisiyaların həcmi 14% azalmışdısa, 2020-ci ildə bu rəqəm 20% olub”.

Eks-nazir hesab edir ki, investisiya qoyuluşları və ya perspektivli iqtisadi siyasət üçün dörd əsas amil vacibdir: “Vergi-büdcə sabitliyi, pul-kredit və maliyyə sabitliyi, siyasi sabitlik və təhlükəsizlik”.

Onun qənaətincə, mövcud böhranlı vəziyyətdən çıxmağın yeganə yolu iqtisadi siyasətin sərtləşdirilməsi ola bilər. Aramyana görə, onun proqnozları hökumətdən gələn siqnallara əsaslanır.

“Baş nazir səviyyəsində hökumət müəyyən xərcləri öz üzərinə götürəcəyini bəyan edir. Belə davam edərsə, Ermənistan iqtisadi kollaps və defolt təhlükəsi ilə üzləşəcək”, – deyə sabiq maliyyəçi xəbərdarlıq edir.

Aramyan təklif edir ki, arzuolunmaz ssenaridən yayınmaq üçün hökumət vəziyyətin qəti olaraq pisləşməsini gözləmədən xalq üçün ağrılı vasitələrdən istifadə etməlidir: “Hökumətin apardığı siyasət isə iqtisadi vəziyyəti yalnız ağırlaşdırmaqdadır. Bəli, zaman gələcək ki, iqtisadiyyat cari xərcləri qarşılamaq üçün kifayət qədər pul generasiya edə bilməyəcək. Və borc verənlər – kreditorlar da ya borc verməyi dayandıracaq, ya da astronomik faizlə borc verəcəklər. Bunun nəticəsi isə iqtisadi kollaps olacaq. Nə vaxt ki, investorlar borc verməkdən imtina edirlər və defolt baş verir”.

Mümkün hakimiyyət dəyişikliyi ilə iqtisadi siyasətdəki dəyişikliyə gəlincə, keçmiş maliyyə naziri yenə nikbin deyil. “Öz üzərinə bu cür öhdəliklər götürən siyasi qüvvə riskə getməli, populist addımlardan imtina etməli və qeyri-populyar addımlara əl atmalıdır – hansı ki, ictimai narazılıq dalğasına səbəb olacaq”, – deyə o əlavə edib.

Göründüyü kimi, II Qarabağ müharibəsində sarsıdıcı zərbə almış Ermənistanın iqtisadiyyatını heç vaxt olmadığı qədər ağır bir il gözləyir. Məğlub ölkənin maliyyə-iqtisadi durumu hələ müharibəsən öncə də təngnəfəs idi. Kritik durumdan çıxmağın tək yolu isə Ermənistanın Azərbaycan və Türkiyə kimi iki əsas və böyük qonşusu ilə iqtisadi-ticari əlaqələri təcili və tam qaydada bərpa edib normal inkişaf yoluna çıxmaqdan keçir. Bundan ötrü də ilk növbədə kommunikasiyalar, sərhədlər açılmalıdır. Şərtlər çoxdan masa üzərində…