Həmsədrlər yeni bəyanatla çıxış etdi

0
32

ATƏT-in Mink Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) birgə bəyanatla çıxış ediblər.

VOİCEPRESS xəbər verir ki, bəyanatda həmsədrlər Stefan Viskonti və Endryu Şaferin 12-13 dekabrda Bakıya, 13-14 dekabrda isə İrəvana səfərləri, Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla, İrəvanda isə Ermənistan Baş naziri Nikol Paşinyan və Ermənistan xarici işlər naziri Ara Ayvazyanla görüşdüyü bildirilib.

Qeyd edilib ki, rusiyalı həmsədr İqor Popvun olmaması səbəbindən Bakıda Rusiyanı Azərbaycandakı səfir Mixail Boçarnikov, İrəvanda isə Rusiyanın müvəqqəti işlər üzrə vəkili Aleksey Snequbov təmsil edib.

Həmsədrlər bundan başqa Beynəlxalq Qırmızı Xaç Komitəsi və BMT nümayəndələri ilə də görüşlər keçirib.

Qeyd olunub ki, hər iki paytaxtda tərəflər yerlərdə vəziyyətlə bağlı qiymətləndirmələrini təqdim edib və gələn il həmsədrlərlə qarşılıqlı əlaqələrə dair gözləntilərini ifadə ediblər.

Həmsədrlər yeni reallıqları nəzərə alaraq, bölgədə sülh, sabitlik və firavanlığı təbliğ etmək və həll olunmamış məsələləri həll etmək üçün tərəflərlə konstruktiv əlaqədə olduqlarını bir daha təsdiqləyiblər.

Bir neçə gün öncə itkilərə gətirib çıxaran hadisələrə də toxunan həmsədrlər tərəfləri vəziyyəti sakitləşdirmək üçün əlavə tədbirlər görməyə çağırıb.