“Azərbaycan hümanizmi nümayiş etdirməklə erməni vandalizmini daha qabarıq nümayiş etdirməyə müvəffəq olur”. Bunu VOİCEPRESS-ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, ermənilərin Kəlbəcərin boşaldılması əməliyyatı üçün rəsmi Moskvanın 10 gün əlavə möhlət istəməsini rəsmi Bakının hümanistcə dəyərləndirməsi əslində Azərbaycanın sülh və barış ölkəsi olduğunun baris nümunəsidir: “Bildiyimizə görə, noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı bəyannamənin şərtlərinə görə, Kəlbəcər 15 noyabr, Ağdam 20 noyabr, Laçın 1 dekabr tarixlərinə qədər boşaltılmalıdır. Amma Azərbaycan tərəfi Rusiya prezidenti Vladimir Putinin xahişi ilə Ermənistana 10 gün – 25 noyabra qədər vaxt verib.
Bu gün dünya ictimaiyyəti Azərbaycanın bu hümanizmini görməlidir. Azərbaycanlı soydaşlarımızın 93-cü ildə yurd yuvalarını tərk etmək üçün ermənilər tərəfindən onlara 1 saat belə möhlət verilməmişdi. Bu gün arsızca bizdən Kəlbəcəri boşaltmaq üçün zaman istəyirlər. Azərbaycan tərəfinin tamamilə ixtiyarı çatır desin ki, işğal olunmuş ərazilərdə ermənilər nə gəzir ki, indidə oranı boşalda? Amma bunu demir. Nəyə görə, dünya ictimaiyyəti Xocalı qətliamını törədən, Gəncə və Bərdə qətliamı ilə növbəti türk qətliamınırealizə edən Erməni faşistlərinə qarşı rəsmi Bakının bu qədər hümanizm nümayiş etdirməsini niyə görmür?
Bu gün ermənilər Kəlbəcəri tərk etmək üçün yolların qış günü çətin olduğunu, relyefi və hava şəraitini səbəb göstərir. Bəs 1993-cü ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub, dağ yolları ilə, ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından qaçıb xilas olublar. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. Nəticədə Kəlbəcərdə 500-dən artıq dinc sakin həlak olub, yüzlərlə insan girov və ya itkin düşüb. Məgər Azərbaycanlı soydaşlarımız üçün oranı o kimi şərtlərdə tərk etmək çətin deyildimi?
Amma Azərbaycan dövləti Ermənistanın etdiyini etmir. Buna görə də, ermənilərin Kəlbəcəri tərk etmələri üçün 10 gün əlavə vaxtın verilməsi də bunu bir daha sübut edir. 10 gün sonra ermənilər Kəlbəcərdən çıxacaqlar, dekabrın 1-nə qədər Kəlbəcər, Ağdam və Laçın boşaldılacaq, azərbaycanlılar öz ata yurdlarına qayıdacaqlar. Amma ermənilərin bu gün Kəlbəcərdə etdiyi vandallıqlar illər keçsə də, unudulmayacaq! Qarabağ Azərbaycandır və bu reallığı heç kəs dəyişməyə qadir deyil!”