“Pandemiya ilə mübarizədə əlimizdən gələni əsirgəməməliyik”. Bunu VOİCEPRESS-ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, ölkədə karantin rejminin sərtləşdirilməsi gərəklidirsə, bu hər kəs tərəfindən müsbət qarşılanmalıdır:
“Təbii ki, ağır bir dönəmdə yaşayırıq. Bu tendensiya sadəcə Azərbaycanda deyil, bütün dünyada vüsət alıb. Dünyanın ən inkişaf etmiş ölkələrini pandemiya iflic vəziyyətinə salıb. Bu gün hər bir dövlətdə virusun yayılma miqyasına görə müəyyən karantin tədbirləri həyata keçirilir. Bu birmənalı olaraq, xalqın təhlükəsizliyi baxımından mütləq amilə çevrilib. İnanın mənə heç bir dövlət rəhbərliyi ölkədə karantin rejmini sərtləşdirmək istəməz. Bu birmənalı şəkildə ölkə iqtisadiyyatını çökdürməyə sürükləyən bir qərardır. Amma ölkə üçün xalqın həyatı, can təhlükəsizliyi ölkə iqtisadiyyatının balanslı şəkildə fəaliyyətindən üstün olduğu təqdirdə, karantin rejmini sərtləşdirir.
Digər tərəfdən dünya ölkələrində pandemiyaya qarşı yeni tədbirlər proqramı həyata keçirilir. Misal üçün Belçika krallığında həbsxanada olan bütün cəzakəkənlər elektron biləkliklə evlərinə göndərilib. Bu da özü özlüyündə bir pandemiya ilə mübarizə üsuludur. Hesab edirəm, bu üsuldan Azəbaycanda da istifadə edilə bilər. Hətta karantin rejminə riayət etməyən, testi pozitiv çıxan xəstələrin, çölə çıxma qadağasına riayət etməyən müəyyən yaş kateqoriyalarındakı şəxslərin elektron biləkliklə təmin olunması bu mübarizədə hesab edirəm daha yaxşı töhvə verə bilər.
Hər bir halda, hesab edirəm dövlət üçün Xalqın can təhlükəsizliyinin iqtisadi artımdan daha mühüm olması üçün dövlət rəhbərimizə təşəkkür etməliyik. Hər kəsi maska istifadəsinə və sosial məsafəyə diqqət etməyə çağırıram. Özümüzü deyil, başqalarını da düşünməliyik! Bu pandemiyanı erməni virusunu dəff etdiyimiz kimi dəff etməliyik! Ona görə də, 44 günlük müharibədə necə həmrəylik və səbr nümayiş etdirdiksə, bu pandemiya dövründə də eyni səbr və həmrəyliyi, anlayışı nümayiş etdirməliyik”.
Ü.Fərmanqızı/VOİCEPRESS