Nəsib Məhəməliyev: “Azərbaycan və Türkiyə ordularından başqa heç bir orduya güvənmirəm…”

0
48

 

VOİCEPRESS Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Nəsib Məhəməliyevlə Dağlıq Qarabağ müharibəsinin nəticəsi olan üç tərəfli müqavilənin nəticələri ilə bağlı müsahibəni təqdim edir:

– Nəsib müəllim, qəbul edilən anlaşma ilə Azərbaycanın qələbəsini qeyd edirik. Amma 20 yanvar hadisəsindən sonra Rus ordusunun Qarabağda olması nə qədər güvəniləndir sizcə?

– Rus sülhməramlılarının Qarabağ bəzi ərazilərində nəzarəti həyata keçirməsi Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistanın baş nazirinin birgə razılaşdırdıqları bəyannamədə əks olunub. 5 il müddətində Qarabağ regionunda sabitliyi təmin etməlidirlər. Həmin müddət bitməsinə 6 ay qalmış tərəflərdən biri rəsmi şəkildə mövqeyini bildirməzsə, missiya davam edəcək. Güvən məsələsinə gəldikdə, şəxsən mən Azərbaycan və Türkiyə ordularından başqa heç bir orduya güvənmirəm. Ancaq nəzərə alınmalı geosiyasi reallıqlar yox deyil.

– Sizcə anlaşmada Türkiyə Hərbi bazasının Qarabağda olması ilə əlaqədar maddə nəyə görə yer almır? Bunun bir səbəbi varmı? Nəyə görə sülhməramlılar arasında Türkiyə ordusu yox, məhz Rusiya ordusu var?

-Azərbaycan xalqı 7-dən, 70-ə qardaş Türk xalqına və onun rəhbərlərinə, ən çətin anda ölkəmizə verdikləri dəstəyə görə, dərin təşəkkürlərini bildirir. Bəyanatda Türkiyənin adı keçməsə də, əldə olunan razılığa əsasən nəzarət-monitorinq prosesləri birgə həyata keçiriləcəkdir.

-Azərbaycana ikili standartlardan baxan beynəlxalq ictimaiyyətin mövqeyi sizcə nə olacaq? Yəni indiki şərtlərdə onlar hansı pozisiyanı tutacaqlar?

– Beynəlxalq təşkilatlar və böyük dövlətlər tərəfindən ölkəmizə qarşı ikili standartlara çoxdan alışmışıq. Yeri gəlmişkən, həmin münasibət Türkiyəyə qarşı da sərgilənir. İndiki halda, onların hansı pozisiyanı tutmaqları bizi narahat etmir. Biz tarixi qələbə əldə etmişik və gələcəkdə də bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.

-Rusun qoşununun daha öncə 2008 də Gürcüstanda, ondan öncə Əfqənistanda, sonra Krımda, Suriyada gördük biz. Heç birində yaxşı bir nəticə verməzkən, biz nə üçün buna razılıq verdik?

-Sadaladığınız ölkələrin hər birində hərbi-siyasi rəhbərliyin daxili problemlərlə, geosiyasi reallıqları uzlaşdıra bilməməsi, beynəlxalq münasibətlər sistemində buraxılmış bəzi taktiki səhvlər, düşünürəm ki, ərazilərinin, bəzi hallar da isə dövlətçiliyin itirilməsi ilə nəticələndi. Azərbaycanda vəziyyət köklü şəkildə fərqlidir. Güclü, geniş intellektə malik, beynəlxalq münasibətlər sistemini əla bilən, cəsarətli Prezident, ən müasir silahlarla təchiz olunmuş güclü ordusu, maliyyə resursları və inkişaf etmiş iqtisadiyyatı mövcuddur. Müharibə aparmağın əsas şərtləri budur. Azərbaycan heç bir halda sözügedən ölkələrlə müqayisə olunmamalıdır. Razılıq məsələsinə gəlincə, hesab edirəm ki, maksimum nəticəni əldə etmişik. Burada bizim bilmədiyimiz başqa nyüanslar da ola bilər və ölkə Başçısının informasiya imkanları bizimkindən qat-qat çoxdur. Bu baxımdan xalqımız və o cümlədən mən ona etibar edirik. Deməli belə lazımdır. Azərbaycan 200 ildən bəri itirdiklərini cəmi 44 gün ərzində geri qaytarır. Bu tarixi qələbədir.

 

 

Ü. Fəmanqızı/VOİCEPRESS