Bir sıra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib

30 Noyabr, 15:36

Noyabrın 30-da Milli Məclisin Elm və təhsil komitəsinin onlayn formatda iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən VOICEPRESS-ə bildirilib ki, Komitə  sədri Bəxtiyar Əliyev sentyabrın 27-də Ermənistanın Azərbaycana hücumlarına qarşı əks-hücuma başlayan Müzəffər ordumuzun tarixi qələbəsindən söhbət açıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dövlətçilik  siyasəti, güclü iradəsi və əzmi ilə Ermənistanın baş naziri Nikol Paşinyanın sonunda kapitulyasiyaya məcbur  edilməsinin xalqımıza xüsusi qürur yaşatdığını deyib. Bəxtiyar Əliyev şəhidlərimizə Allahdan rəhmət, yaralı əsgər və zabitlərimizə şəfa diləyib. 

Onlayn iclasda Fransa  Senatının qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması  barədə qəbul etdiyi qətnamədən, bunun Azərbaycanın tarixi-mədəni irsinin, təbii resurslarının məhv edilməsinə görə Ermənistanı gözləyən  ağır  sanksiyalardan  işğalçı  dövləti qorumaq  cəhdi olduğundan danışılıb.

Sonra  komitədə “Təhsil haqqında” qanun layihəsinə  dəyişiklik edilməsi  barədə məsələ  müzakirə  edilib. Bəxtiyar Əliyev  qanuna təklif olunan dəyişikliklər haqqında geniş məlumat verib. Komitə sədri bildirib ki, sənədə edilən dəyişikliklər texniki xarakter daşıyır, qanundakı  terminlərin dəqiqləşdirilməsi, təhsil haqqında dövlət sənədlərinin verilməsi sahəsində elektron informasiya  sistemlərinin  tətbiqini  nəzərdə  tutur.  Layihədə təhsil haqqında  dövlət sənədlərinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” üzərindən  formalaşdırılmasının təklif edildiyi qeyd olunub.

Komitə üzvləri Musa Qasımlı, Müşfiq  Məmmədli, Aqiyə Naxçıvanlı, Anar İsgəndərov, Pərvin Kərimzadə, Eldar Quliyev, Ceyhun Məmmədov, Şahin Seyidzadə, Etibar Əliyev sənədlə bağlı fikirlərini bildirib, təkliflərini səsləndiriblər.

Onlayn iclasda “Bədən tərbiyəsi və idman haqqında”, “Peşə  təhsili haqqında”, “Ümumi təhsil haqqında” qanunlarda  dəyişiklik edilməsi  barədə sənəd  də müzakirə edilib. Bəxtiyar Əliyev qanun layihələrinin  qanunvericiliyin  təkmilləşdirilməsi, peşə  təhsili və ümumi  təhsil  haqqında  dövlət  sənədlərinin müvafiq qayda ilə “Təhsil  Mərkəzləşdirilmiş  İnformasiya  sistemi” üzərindən  formalaşdırılması  məqsədilə hazırlandığını diqqətə çatdırıb.

İclasın sonunda qanun layihələrinin Milli Məclisin plenar  iclasına  tövsiyə edilməsi qərara alınıb.