Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin üzvləri Ərsin Tatarla görüşüblər

30 Noyabr, 15:44

Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu, cəmiyyətin üzvləri professor Fəxrəddin Məmmədov, tanınmış bəstəkar professor Cavanşir Quliyev, həkim Bəxtiyar Məmmədov və azərbaycanlı gənc iş adamı Tural Əliyev Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatarla görüşüblər.

Orxan Həsənoğlunun VOİCEPRESS-in verdiyi məlumata görə, görüş zamanı Azərbaycanın Vətən Müharibəsini zəfərlə başa çatdırdığı xatırlanıb, xalqımızın, əsgərlərimizin iradəsi və Prezident İlham Əliyevin siyasi-diplomatik cəsarəti sayəsində 30 ilə yaxındır işğal altında olan tarixi torpaqlarımızı azad edildiyi vurğulanıb.

Orxan Həsənoğlu bu nəticənin əldə olunmasında qardaş Türkiyə və Şimali Kipr xalqının mənəvi dəstəyini diqqətə çatdırıb.

Prezident Ərsin Tatar eyni millətin soydaşları olduğumuzu bildirib: “Buradan azərbaycanlı qardaşlarımıza sevgi və salamlarımı dilə gətirirəm. Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin adada fəaliyyəti bizi sevindirir. Biz Azərbaycan Türklərini özümüzə yaxın hiss edirik. Azərbaycanın Dağlıq Qarabağ müharibəsində sərgiləmiş olduğu milli iradə Kipr xalqını olduqca sevindirir. Möhtərəm Prezident İlham Əliyevin cəsarətli addımları Dağlıq Qarabağ müharibəsində zəfər əldə etməsi ilə nəticələndi. Biz hər zaman Azərbaycan dövlətinin və xalqının yanında olduq. Bundan sonra da Şimali Kipr Türk Respublikası dövləti və xalqı olaraq qardaş Azərbaycanın yanında olacağıq. Hər iki ölkə arasında diplomatik və dövlətlərarası münasibətlərin inkişaf etdirilməsində səylərimiz davam edəcək”.

Qeyd olunub ki, 2021-ci ildə Gazimağosa şəhərində Qarabağ parkının açılması, Lefkoşa şəhərində yerləşən Heydər Əliyev prospektinin və Alsancaq bölgəsində yerləşən Azərbaycan məhəlləsinin yenidən qurulması nəzərdə tutulub. Cəmiyyət 2021-ci ildə baş tutacaq olan Türk Vizyon Film Festivalına sponsorluq edəcək. Bakı şəhərində Kipr Konfransı keçirəcək.