Hikmət Hacıyev: “Ermənistan anlaşmanı pozdu”

12 Oktyabr, 01:24

Bu gün Azərbaycanda fəaliyyət göstərən hərbi attaşelər üçün mətbuat konfransı keçirilib.

VOİCEPRES-in müxbirinin məlumatına görə, konfransda ilk çıxış edən şəxs general-mayor Elçin Zeynalov olub.

O, Ermnistanın ölkəmizə təcavüzündən danışıb. E.Zeynalov bildirib ki, konfransda 15 ölkənin hərbi attaşesi, həmçinin, BMT, ATƏT kimi qurumların nümayəndələri iştirak edir.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxışında Ermənistanın raket və artilleriya atəşləri ilə münaqişədən aralı olan rayon və şəhərlərimizin atəşə tutulduğunu bildirib:

“Düşmən “Toçka-U” və “Smerç” tipli raketlərlə sivil şəxsləri nişan alır. Onlar bununla beynəlxalq hüququn normalarını pozurlar. Biz Ermənistanla humanitar atəşkəs bağlasaq da, Ermənistan dünən və bu gün mülki şəxslərimizə qarşı hərbi əməliyyatlar aparmaqla bu anlaşmanı pozdu.

Mülki şəxslərə qarşı hücum Cenevrə Konvensiyasının pozulması deməkdir. Onların ölkənin ən böyük enerji obyekti olan Mingəçevirdəki “Azərbaycan” İES-i hədəfə alması bağışlanmazdır. Qarşı tərəf hələ də mülki şəxsləri nişan almaqda davam edir. Əsgərlər hərbçilərlə hərb meydanında üz-üzə gəlmək üçündür, mülki şəxsləri, uşaq və qadınları nişan almaq üçün deyil.

İnsanlarımıza qarşı edilən bu cür aktlar yerli əhalinin hisslərinə təsir edir. Beynəlxalq ictimaiyyət Ermənistanın bu addımını görməzdən gəlməməli və lazımi addımları atmalıdır”.

Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov da çıxışında Ermənistanın mülki şəxslərə qarşı bu addımının insanlığa yaraşmayan bir addım olduğunu bildirib.