Azərbaycan neftdən qaz amilinə keçir… Qaz ehtiyatlarının həcmi ölkəyə enerji sektorunda uzun müddət dominantlıq vəd edir…

0
40

Aparılan hesablamalar göstərir ki, cari ilin yanvar-avqust aylarında Azərbaycanın xaricə qaz satışı 8,7 milyard kubmetr təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə  17,6% çoxdur.

Energetika Nazirliyinin açıqlamalarına əsasən, bu ilin yanvar-avqust aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 25,3% çox, yəni 7,2 milyard  kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,5 milyard  kubmetr olub. Cari ilin sonunda tam hazır olacaq “Cənub Qaz Dəhlizi” ilə Avropaya ildə 10 milyard, daha sonra 16 milyard  kubmetr qaz göndəriləcək. Bu rəqəm sonrakı illərdə daha da artacaq. Beləliklə, təbii qaz satışından Azərbaycan qarşıdakı dövrdə böyük həcmdə gəlir əldə edəcək. Amma artan qaz istehsalı ölkə daxilində də iqtisadiyyatın inkişafında öz sözünü deyəcək.

Məsələ burasındadır ki, Azərbaycanda sənaye indi getdikcə qaz istehsalı hesabına da inkişaf edir.  Hətta iş o yerə çatıb ki, neftin dünya bazarında qiymətinin qeyri-sabitliyi təbii qazın satışından gələn gəlirlərin neft ixracından əldə olunan mənfəətin səviyyəsinə çatmasına şərait yaradır. Hesablamalar göstərir ki, neft-kimya məhsullarının ixrac payı artmaqda davam edərsə, Azərbaycanın dövlət büdcəsinə qazdan daxil olacaq gəlirlərin neft gəlirləri ilə bərabərləşməsi mümkündür. Burada o da nəzərə alınmalıdır ki, neftə tələbatın azalması və son dövrlər dünya bazarında qiymətinin qeyri-sabit olması ölkəmizin qaz hasilatını artırması zərurəti yaradıb. Bu da o deməkdir ki, Azərbaycan artıq neft ölkəsindən qaz ölkəsinə keçid alır. Burada digər önəmli məqam odur ki, təbii qaz benzinə olan tələbin azalmasında da getdikcə mühüm rola malik olur. Azərbaycanda avtomobillərə maye qazla işləməsi üçün quraşdırılan avadanlıqlara maraq bu səbəbdən çoxalıb. Qazla işləyən maşınlarda sərfiyyat benzinə nisbətən artıq olsa da, qazın qiymətinin aşağı olması yanacağa çəkilən xərci qat-qat aşağı salır. Qaz avadanlığı quraşdırılan maşının salonuna kiçik bir qurğu da qoyulur ki, buradan maşında nə qədər qazın oldugunu, mühərrikin qaz, yoxsa benzinlə işlədiyini görmək olur. Avtomobilə quraşdırılan ”qaz beyni” isə təhlükə anında partlama və yanmanın qarşısını alır. Üstəlik, sıxılmış təbii qazla işləyən avtobusların sayının çoxalması da burada öz sözünü deyir. Bu avtobusların sərfiyyatı azdır və ekologiyaya az zərər verir.

Qazla bağlı daha bir vacib addım odur ki, ölkədə ötən müddətdə həyata keçirilmiş layihələr əsasında il ərzində atmosferə atılan 1 milyard  kubmetr qaz yığılaraq əhalinin istifadəsinə yönəldilib. Dünya Bankının Ekspert Şurası  SOCAR tərəfindən hazırlanan bu layihələri iki dəfə ali mükafata layiq görüb. Onu da qeyd edək ki, neft hasilatı zamanı səmt qazı emissiyası göstəricilərinin aşağı olmasına görə Avropa İttifaqına neft ixrac edən əsas 10 ölkə arasında Azərbaycan birinci yeri tutur. Bu sahədəki uğurlar həm də iqtisadiyyatın sabitliyinə xidmət edir. Həmçinin qaz emalı və neft-kimya zavodlarının istismara verilməsi, qazla işləyən yeni sənaye sahələrinin yaradılması ölkə iqtisadiyyatını şaxələndirir. Milli Məclisin deputatı Müşfiq Cəfərov bu xüsusda qeyd edir: “Bu gün ölkənin neft emalı müəssisələrinin qarşısında duran başlıca vəzifə ətraf mühiti neft və neft emal məhsulları tullantılarından mühafizə etməkdən ibarətdir. Məlumdur ki, Azərbaycan neftinin tərkibində kükürdün miqdarı çoxdur. Bu cür tərkibli tullantılar ətraf mühitə ziyan vurur. Təbii ki, müasir dövrün ən aktual məsələlərindən biri də ətraf mühitin mühafizəsinin təmin olunmasıdır. Ölkəmizdə müxtəlif texnoloji qurğuya malik, yüksək keyfiyyətli məhsullar istehsal edən müasir neft emalı müəssisələrinin ətraf mühitə mənfi təsirlərinin azaldılması üçün aparılan araşdırmalar və tədqiqat işləri sayəsində bunun qarşısı uğurla alınıb. Artıq neft emalı ilə çirklənən ərazilərdə bərpa işləri uğurla həyata keçirilir”. Deputat qeyd edib ki, Prezident İlham Əliyevin iştirakı ilə sentyabrın 19-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun “Abşeron” yatağında dəniz əməliyyatlarının təməlqoyma mərasiminin keçirilməsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, “Abşeron” layihəsinin həyata keçirilməsi ilə təbii qazın istehsal payının artırılması, neft və qaz emalının, kimya məhsullarının təkmilləşdirilməsi Azərbaycanda daha sabit gəlir və davamlı inkişaf üçün şərait yaradacaq, tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə töhfə verəcək. “Abşeron” layihəsində Xəzərdə ilk dəfə “boru içində boru” texnologiyası tətbiq olunacaq: “Abşeron” yatağında hasilata başlanılması, sadəcə, neft və qaz sənayesi baxımından və geniş iqtisadi mənada deyil, həm də beynəlxalq iqtisadi münasibətlərdə tamamilə yeni mərhələnin başlanğıcından xəbər verir. Bu gün Azərbaycanın qaz strategiyası bir sıra mühüm hədəflərə çatıb. Belə ki, Azərbaycanın enerji təhlükəsizliyinin davamlılığının təmin edilməsi və ekoloji təmiz enerji istehsalı lazımi qaz ehtiyatlarının yaradılmasından ibarətdir”. Hesablamalar göstərir ki, Azərbaycanda qaz ehtiyatlarının həcmi 5,6 trilyyon kubmetrə çatır. Bu isə ölkənin uzun müddət enerji sektorunda dominant mövqeyini təmin edir.