“Cənab Prezidentin “Ermənilər təkbaşına bizim torpaqlarımızı işğal edə bilməzdilər” – fikri əslində hər kəsin bilib, amma deməyə cürət etmədiyi bir fikirdir”. Bunu VOİCEPRESS-ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, Cənab Prezidentin bu mesajı ermənilərin sahiblərinə ünvanlanmış bir mesaj idi: “Bu isə birmənalı olaraq, Azərbaycanın güc göstərisi kimi də dəyərləndirilə bilər. Şünki, bu mesaj eyni zamanda gücümüzü, həmçinin siyasətimizin müstəqillik dərəcəsini əks etdirməklə, Azərbaycanın həm də Ermənistanı savaş meydanına təkbətək çağırışı kimi də qəbul oluna bilər. Ermənistan son zamanlar agressiya nümayiş etdirməklə, danışıqlar prosesini pozmağa davam edir. Tovuz hadisələrindən sonra hələ ötən gün, əsgərimizin erməni gülləsi ilə şəhid olması faktları qarşısında Azərbaycan susmayacaq. Bunu Cənab Prezident də, öz çıxışlarında dəfələrlə qeyd edir. Sülh və diplomatik üsullara sadiq olan Azərbaycan Ermənistanın öz işğalçılıq prisniplərini davam etdirdiyi sürəcə, təcavüzkar və məkirli siyasətlərindən əl çəkmədiyi təqdirdə mümkün müharibəni inkar etməyəcəyik. Cənab Prezidentin də, dediyi kimi, torpaqlarımızın bir qarışını belə ermənilərə güzəştə getməyəcəyik. Rəsmi İrəvandan fərqli olaraq, Nə qardaş Türkiyə, nə Azərbaycan ermənilərin etnik təmizlənməsini aparmaq niyyətində deyil. Türkiyə cumhurbaşkanı, sayın Ərdoğanın dediyi kimi “Biz bir Türk olaraq, hər zaman məzlumun yanındayıq”. İllərlə torpaqsız və vətənsiz erməniyə torpaqlarımızda məskunlaşmalarına izin vermişik. Bu gün də Bakıda Azərbaycan vətəndaşı olan erməni əsilli insanlar var. Azərbaycan höküməti heç bir zaman milli və etnik ayrıseçkiliyə yol verməyib. Bu gün Bakıda yaşayan ermənilər də, eynən Azərbaycan vətəndaşları qədər hüquqbərabərliyinə malikdir. Amma gəlin baxaq, Ermənistanda bir dənə belə olsa Azərbaycanlı tapmaq mümkündür mü? Bu gün erməni əsilli insanlarla Azərbaycanlılarımızın evləndiyini, ailə qurduğunu belə müşahidə edirik. Biz erməni xalqının məhvini istəmirik. Biz sadəcə torpaqlarımızı geri qaytarmaq istəyirik. Biz regionda sülh və əminamanlıq istəyirik. Beynəlxalq təşkilatlar bu kimi məsələri diqqətə almalıdır. İkili standartlarla 30 ili yola verdilər. Amma Azərbaycan bir 30 il daha ikili standartları qəbul etməyəcək. Bu gün rəsmi İrəvandan iki şəkildə 30 ilin hesabını sormaq gərəkir. Hesab edirəm, bu təklifə, həm millət vəkillərimiz, həm də siyasi partiyalarımız dəstək verəcəklər. Bu gün Status-KVO-nu saxlamaq istəyən Ermənistan Azərbaycan tərəfinə verdiyi ziyanlara görə, təzminat ödəməyə başlamalıdır. İşğalçı Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasında təmsil olunmasına veto qoyulmalı və 4 qətnamənin yerinə yetirilməsi öhdəliyi qoyulmalıdır. Hesab edirəm Azərbaycanın bu iki məsələni realizə etməyə həm beynəlxalq siyasi nüfuzu, həm də iradəsi yetər!”
Ü.Fərmanqızı