“Parlamentlərarası münasibətlərdə yeni mərhələ olacaq” – Sahibə Qafarovanın Rusiya səfərinə ŞƏRH

0
15

 

Səfər zamanı Milli Məclisin Sədri Rusiya Federasiyası Federal Məclisi Federal Şurasının Sədri Valentina Matviyenko, Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Sədri Vyaçeslav Volodin ilə görüşəcək, parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparacaq.

Səfər müddətində Milli Məclisin Sədri Sahibə Qafarovanın Rusiya Federasiyası Federal Məclisi Federal Şurasının plenar iclasında çıxışı gözlənilir.

Milli Məclis Sədrinin Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov ilə görüşü də nəzərdə tutulub.

Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli  mətbuata   açıqlamasında parlament sədrinin Rusiya  səfəri ilə bağlı fikirlərini bölüşüb.

Fəzail İbrahimlinin sözlərinə görə, bu səfər parlamentlərarası münasibətlərdə yeni bir mərhələ olacaq:

“Rusiya  bizim qonşumuzdur. Bu qonşuluq münasibətləri hər zaman davam edir və parlamentlərarası münasibətlər var. Bu rəsmi dəvət, rəsmi görüş və rəsmi münasibətdir. Biz dövlətlərarası münasibətlərdə hər zaman balanslaşdırılmış siyasət yeridirik. Dövlət başçımızın strateji kursunda bu, çox önəmli yer tutur. Çünki bizim kifayət qədər problemlərimiz var. Şimaldan, cənubdan, şərqdən, qərbdən uzanan məyus baxışlar, iti caynaqların  qabağında çox tarazlaşdırılmış  siyasət vasitəsilə durmaq olar. O da həyata keçirilib. Bu səfər də parlamentlərarası münasibətlərdə yeni bir mərhələ olacaq. Parlamentin yeni sədrinin bu səfəri parlamentlərarası münasibətlərdə uğurlu addım olacaq. Nəticələrini də səfər başa çatandan sonra bölüşərik”.

Vitse-spiker parlament sədrinin Türkiyə səfərinə də toxunub:

“Türkiyəyə  səfərin  birinci olması təbiidir. Çünki bizim güvən və inanc yerimiz olan Türkiyəyə bu cür səfərlər ənənə halını alıb. İstər ölkə başçısı, istərsə də parlament rəhbərləri ilk səfərlərini Türkiyəyə ediblər. Sahibə xanımımn Türkiyə səfəri çox uğurlu olub. Kifayət qədər istiqanlı səfər kimi yadda qalıb. Türkiyəyə ilk rəsmi səfər olsa da, onun içərisində o qədər səmimiyyət və qardaşlıq münasibəti vardı ki!… Bu səfər mətbuatda daha geniş formada öz əksini tapdı. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər parlamentlərarası münasibətlərin daha da möhkəmlənməsinə səbəb oldu. Dövlət başçılarının dostluğu, dövlətlərarası münasibətlər, “kədərimiz bir, qayğımız bir, sevincimiz bir” düşüncələri bir daha öz əksini tapdı”.