Ermənistanın təxribatı genişlənir, Minsk qrupu isə susur… – İnam itib !

0
95
Bu barədə “Sherg.az”a siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski deyib.
Politoloq bildirib ki, elə həmin ilin yanvar ayının 30-da Azərbaycan ATƏT-in üzvü olaraq, iyul ayında Helsinkidə keçirilən Zirvə toplantısında onun sənədlərini imzalayıb:
“Məhz ATƏT-in üzvü olduqdan sonra Dağlıq Qarabağ münaqişəsi bu təşkilatın prinsiplərinə uyğun olaraq üzv dövlətlərin daha çox diqqət obyektinə çevrildi.
1992-ci il martın 24-də keçirilən ATƏT-in Xarici İşlər Nazirləri Şurasının görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə edildi. Münaqişənin sülh yolu ilə nizama salınması istiqamətində aparılan danışıqların səmərəliliyini təmin etmək üçün Minskdə sülh konfransının çağırılması haqqında qərar verildi.
Bu ildən etibarən münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqlar aparmalı olan Minsk qrupu yaradılır. Münaqişədə atəşkəs elan olunandan sonra ATƏT-in Minsk Qrupu çərçivəsində müntəzəm olaraq danışıqların aparılmasına başlanılır.
Artıq uzun illərdir ki, bu qrupun fəaliyyətinin nədən ibarət olduğu göz qabağındadır. Minsk qrupunun apardığı danışıqların nəticəsiz qalması Ermənistanın qeyri-konstruktiv mövqe tutması ilə yanaşı, həm də qrupun üzvü olan böyük dövlətlərin mövqelərini də göz önünə gətirir”.
Analitik vurğulayıb ki, ATƏT-in Minsk qrupunun təmsilçilərinin obyektiv mövqedən çıxış edərək münaqişənin həlli istiqamətində bir irəliləyişə nail olunacağına artıq heç kimdə inam qalmayıb:
“Bunun üçün əsas isə adı çəkilən qrupun və ya qrupa üzv olan dövlətlərin bu və ya digər şəkildə Ermənistanın təcavüzkar siyasətini pisləməməsi, həmçinin işğal olunmuş Azərbaycan ərazilərini qanunsuz olaraq yerləşdirməsinə etiraz etməməsidir. Bir neçə ay bundan əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində hərbi-siyasi təxribat həyata keçirildi.
Təxribat nəticəsində dinc əhalinin yaşadığı kəndlərin iriçaplı silahlardan atəşə tutulması, Ermənistanın açıq işğalçı-terrorçu siyasət yürüdən bir dövlət olmasını bir daha sübuta yetirdi. İyul hadisələrindən sonra demək olar ki, dünyanın bir çox ölkələrində yürüşlər keçirildi, müxtəlif ölkələrin siyasətçiləri tərəfindən münasibətlər bildirildi.
Lakin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlarda vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupunun həmsədrləri isə susqunluq nümayiş etdirdilər. Erməni təxribatlarının gündən-günə genişlənməsi fonunda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək missiyasını öz üzərinə götürən ATƏT-in Minsk Qrupunun səssizliyi, onu birmənalı olaraq birtərəfli müşahidəçiyə çevirir”.
E.Talışınski qeyd edib ki, nəhayət, bu yaxınlarda həmsədrlər, Ermənistan-Azərbaycan sərhədində gərginliyin artması ilə əlaqədar bölgədəki vəziyyəti nəzərdən keçirərək hər iki dövlətin Xarici işlər nazirləri ilə telefonla danışıqlar aparıb və onları yaxın həftələrdə görüşməyə dəvət ediblər:
“Uzun müddətdən sonra sərhəddəki gərginlik faktına diqqət çəkmək niyyətində olan həmsədrlər təxribatla bağlı münaqişə tərəflərinin nazirləri ilə görüşün əhəmiyyətinin yalnız bir formallıq xarakter daşıyacağı bəllidir. Beynəlxalq ictimaiyyət tərəfindən işğalçı və təcavüzkar kimi tanınan bir ölkə olan Ermənistanın qanunsuz hərəkətləri ilə əlaqədar ATƏT-in Minsk qrupunun konkret qərar qəbul etməməsi həmsədrlərin fəaliyyətini şübhə altına alaraq, bu qurumun etibarlılığına da inamı itirib”.

 

İsmayıl Qocayev