Ermənilər Şuşa ilə bağlı bundan əl çəkməlidir – Bundestaq üzvü

0
13

Bundestaqın Solçular fraksiyasının üzvü, ATƏT Parlament Assambleyasında Almaniya nümayəndə heyətinin üzvü, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədr müavini Helin Evrim Zommerin “Ermənistan və Azərbaycan arasında müharibəyə son qoyulmalıdır” başlıqlı bəyanatda Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında ağır döyüşlərin getdiyinə və hər iki dövlətdə müharibə vəziyyətinin elan olunduğuna istinad edilir, Almaniya hökumətinə Minsk qrupunun üzvü kimi təcili atəşkəsə nail olmaq üçün səy göstərməyə çağırış edilir.

VOICEPRESS xəbər verir ki, bəyanatda təmas xəttindəki əvvəlki mövqe döyüşlərindən fərqli olaraq, bu dəfə hər iki münaqişə tərəfinin müharibə sərhədini keçdiyi bildirilir. Amma münaqişə yalnız BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında, beynəlxalq hüququn normalarına uyğun şəkildə və dinc yolla həll edilə bilər. Bunun üçün ilk növbədə təcili atəşkəs lazımdır. Ermənistan və Azərbaycan ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda sülh razılaşmasının əsas məqamları kimi razılıq verdikləri Madrid baza prinsiplərini yerinə yetirməlidirlər.

Bəyanatda, həmçinin Rusiyanın Minsk qrupunun ən fəal vasitəçisi kimi bir neçə gün əvvəl yenidən Madrid prinsiplərinə dəstəyini ifadə etməsi alqışlanır, münaqişə tərəfləri danışıqlar masasına geri qayıtmağa və növbəti provokativ addımlara yol verməməyə çağırılır. Vurğulanır ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-leqal məskunlaşdırma siyasətindən və tanınmamış Dağlıq Qarabağın “parlamenti”nin Azərbaycanın qədim qalası Şuşaya köçürülməsindən əl çəkməlidir.