Nəsib Məhəməliyev: “Rusiya ilə Ermənistanın indiki iqtidarı arasında ciddi narazılıqlar var…”

87974

“İyul ayının 12- də Tovuz rayonu ilə sərhəddə baş vermiş hadisələr, Ermənistan silahlı qüvvələrinin təxribatı idi”. Bunu VOİCEPRESS-ə açıqlamasında millət vəkili  Nəsib Məhəməliyev deyib. Onun sözlərinə görə,  təxribat, birbaşa Ermənistanın daxilində baş verən ictimai siyasi proseslərlə bağlıdır: “Son zamanlar Paşinyan iqtidarı, xalqa verdiyi vədləri yerinə yetirə bilmədiyi üçün siyasi opponentlərini təcrid və təqib etməklə Ermənistan cəmiyyətində müxtəlif təbəqələr arasında qarşıdurmalar, parçalanmalar yaratmışdır.

Eyni zamanda Qərbyönümlü siyasət yürütmək cəhdlərinə görə, ənənəvi müttəfiqi Rusiya ilə münasibətlərdə gərginlik yaşamaqdadır. Belə olan təqdirdə üzv olduğu Kollektiv Təhlükəsizlik müqaviləsində təmsil olunan dövlətləri Azərbaycana qarşı konfliktdə istifadə etmək istəyir. Çünki həmin təşkilatın əsasnaməsinə uyğun olaraq, onlar Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdə hərəkət edə bilməzlər və bu ölkələrin əksəriyyəti ilə Azərbaycanın dostluq münasibətləri yüksək səviyyədədir.

Onlar Ermənistana görə Azərbaycanla müharibəyə girməzlər. Buna görə də ermənilər təxribatı, məhz iki dövlət arasındakı sərhəd ərazilərində törətməyə cəhd etmişlər. Ancaq ordumuz təxribatların qarşısını aldı və düşmənə layiqli cavab verdi. Mariya Zaxarovanın timsalında Rusiya xarici işlər nazirliyinin münasibətinə gəldikdə isə, qeyd edim ki, Rusiya ilə Ermənistanın indiki iqtidarı arasında ciddi narazılıqlar var. Ancaq, bu məsələ iki dövlət arasında olan problem kimi deyil, daha çox reqional, geosiyasi məsələ olduğu üçün, hər bir ölkə özünün strateji maraqlarından çıxış edir. Heç kimə sirr deyil ki, müasir dünyada, eyni zamanda reqionda baş verən hadisələrdə Rusiyanın öz maraqları mövcuddur və şimal qonşumuzun öz maraqlarından dərhal imtina etməsini düşünmək, sadəcə sadəlövhlük olardı”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, 60, 82 və 120 millimetrlik minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 70 dəfə pozaraq, Ağdam rayonunun işğal altında olan Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Əvvəlki məqaləTovuzda nə baş verir? – İrəvanın ifşa olan 3 niyyəti
Növbəti məqalədəTəbriz ermənilərə qarşı AYAĞA QALXDI – Qürurverici GÖRÜNTÜLƏR