Əsli Kazımova: “ Bu sessiyanın keçirilməsi Azərbaycanın beynəlxalq platformadakı pozisiyası üçün dönüş nöqtəsi olacaq…”

88332

“BMT üzv dövlətlərin münasibəti Azərbaycanın beynəlxalq platformada nüfuzlu və önəmli bir dövlət olduğunu isbat edir”. Bunu VOİCEPRESS-ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının birinci müavini Əsli Kazımova deyib. Onun sözlərinə görə,  BMT üzv dövlətləri tərəfindən dəstəklənərək,  130-dan çox ölkənin  bu yöndə öz rəsmi dəstəyinin ifadə edilməsi birmənalı olaraq, cənab İlham Əliyevin apardığı düşünülmüş xarici siyasətin bəhrəsidir:

 “ Bildiyimiz kimi BMT bütün dünya dövlətlərinin təmsil olunduğu ən böyük beynəlxalq platformadır. Belə bir platformada təmsil olunan bütün dövlətlərin Azərbaycan Prezidenti Cənab İlham Əliyevin təşəbbüsünə belə müsbət reaksiya vermələri həqiqətən təqdirə layiq haldır. Təsəvvür edin, bu gün  bütün dünya Covid-19 pandemiyası ilə mübarizə aparır.  BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə məşğul olur və gərəkli addımlar atır. Amma gəlin etiraf edək ki, bu təşkilat məsələnin sadəcə səhiyyə və sağlıq tərəfləri ilə məşqul olur. Dünyada tüğyan edən Covid-19 pandemiyası dövlətlərarası münasibətlərdə iqtisadi, siyasi, sosial, ticari əlaqələri iflic hala salıb. Belə olan halda, BMT-yə üzv dövlətlər toplanmalı və bu kimi vəziyyətin aradan qaldırılması yolunda gərəkli addımlar atmalıdır. Əslində bu addımı və bu təşəbbüsü BMT etməliydi. Amma BMT belə bir məqamda susdu. Cənab İlham Əliyevin belə bir təşəbbüslə çıxışı isə əslində BMT nin missiyasını ona xatırlatdı və xüsusi sesiyanın keçirilməsinin mütləqliyini bir daha vurğulamış oldu. Bilirsiniz, BMT ən böyük beynəlxalq təşkilat olduğuna görə, belə bir vaxtda həmrəylik nümayiş etdirməliydi. Çünki təşkilatın etibarlılığı belə vaxtda sınaq və ciddi imtahan qarşısında dayanır.

Bu səbəbdən də, BMT-yə üzv dövlətlər tərəfindən Cənab İlham Əliyevin təşəbbüsü yüksək qiymətləndirilmişdir. Bu gün, Rusiya Federasiyasının rəsmilərinin də, ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsünə münasibət bildirmələri önəmli faktordür. Rusiyanın BMT yanında Daimi Nümayəndəsi Vasili Nebenza və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova öz müsahibələrində bu haqda gərəkli açıqlamalar vermişdir. Rusiya tərəfi Prezident İlham Əliyevin təşəbbüsünü yüksək qiymətləndirmiş və xüsusi sessiyanın təşkili istiqamətində əməkdaşlığa hazır olduğunu bildirmişdir.

Hesab edirəm, Azərbaycan prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə təşkil olunacaq Xüsusi Sessiya mümkün qədər tez bir zamanda təşkil olunacaqdır . Və düşünürəm ki, bu sessiyanın keçirilməsi Azərbaycanın beynəlxalq platformadakı pozisiyası üçün dönüş nöqtəsi olacaq”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının (QH) sədri cənab İlham Əliyevin təşəbbüsü ilə QH-na üzv ölkələr adından pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təklif edilmişdir. Bu təşəbbüs həm QH ölkələri, həm də digər BMT üzv dövlətləri tərəfindən dəstəklənmişdir. 130-dan çox ölkə öz rəsmi dəstəyini ifadə etmişdir. Bunlar arasında BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər dövlətlər yer almışdır. TŞ-nin daimi üzvü Rusiya Federasiyası da həmin ölkələr sırasındadır.

Əvvəlki məqaləMN: Ərazi itkisinə yol verilməyib, əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır
Növbəti məqalədəAzərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı