Bu qanuna əməl edilmir, təhlükə var – Deputat

102268

Çox təəssüf ki, uşaqların tütün məhsullarından qorunması üçün qəbul etdiyimiz qanunların həyata keçirilməsində ciddi problemlər var.

VOİCEPRESS xəbər verir ki, bu sözləri millət vəkili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin növbədənkənar plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən, Azərbaycanda 1,3 milyon insan tütündən istifadə edir və uşaqlar, gənclər arasında qəlyandan istifadənin sayı getdikcə artır:

“1 saat qəlyandan istifadənin 40 ədəd siqaretin zərərinə bərabər olduğunu nəzərə alsaq, gənclərimizdə necə böyük fəsadlara səbəb olacağını görə bilərik.”

Tütün məmulatlarının 18 yaşına çatmayan uşaqlara satılmasının qadağan olunması barədə qanuna əməl olunmadığını deyən Q.Paşayeva həmin məsələnin həlli ilə bağlı müvafiq qurumlara çağırış edib:

“Qanunla qadağan olunsa da, bu gün əksər yerlərdə 18 yaşına çatmayan uşaqlara siqaret satılır. Həmçinin məktəbə yaxın yerlərdə tütün məhsulları satılır və onların geniş reklamı gedir. Qapalı yerlərdə, ictimai yerlərdə tütün məhsullarının çəkilməsinin məhdudlaşdırılması haqqında qanun demək olar ki, əksər yerlərdə işləmir. Ona görə də qanunu həyata keçirməli olan qurumlarla müzakirələr aparılmalı, qanunun həyata keçirilməsində yaşanan problemlər aşkarlanmalı və həmin problemlərin aradan qaldırılması istiqamətində ciddi işlər görülməlidir”.

Əvvəlki məqaləUkrayna bu ölkələrə aviareysləri bərpa edir
Növbəti məqalədəƏsli Kazımova : “Hamını pandemiya ilə mübarizədə həmrəy və birlik olmağa çağırıram!”