İllərdir dediyimiz yalanlarla özümüzə layla çalmışıq: “Azərbaycanın dili olsa, tüpürər üzümüzə”

123423

Belinski deyirdi ki, “İnkişaf  tənqiddən başlayır”. Yəni tənqid varsa inkişaf var.  Azərbaycanda hər şey var tənqiddən başqa. İnkişaf da edirik deyirik, amma tənqidsiz. Azərbaycanın tənqidsiz sürətlə inkişafını heyif ki, Belinski görə bilmədi.

Azərbaycanın inkişaf modeli əslində dünya şöhrətli ədəbi tənqidçi Belinskiyə sübut etdi ki, “Azərbaycan tərif oxuya-oxuya da inkişaf edə bilir, amma sözdə…   

Dərd orasındadır ki, xaricə “Azərbaycanın sürətli inkişaf” nağıllarını o qədər peşəkarcasına anlatırıq ki,  özümüz də buna inanırıq. İllərdir dediyimiz yalanlarla özümüzə layla çalmışıq.  Qarabağın bir qarışını da erməniyə vermərik deyirik, amma kilometrələrlə 30 ildir erməni işğalındadır.

Ana-atalarımızın qarşısında üzü qarayıq, doğub böyüdükləri torpaqda ev bir tərəfə məzar almağa kişiliyimiz çatmır. Çünki düşməndədir torpağımız.

Erməniyə qarşı yazı yazanı, erməniyə qarşı təbliğat aparanı Azərbaycanda müxalif qüvvə kimi qələmə verənlər belə var inanın. İcra başçısı  kimsəsizin sosial müavinətinə belə göz tikir. Amma biz yenə də Azərbaycan sürətlə inkişaf edir deyirik.

Sabah 28 may Respublika günüdür. Azərbaycanın dili olsa tüpürər üzümüzə. Çünki Azərbaycanı bölüb talamışıq biz. Şuşada erməni azadlıq günü keçirdi, torpağımızda gözümüzün içinə baxa baxa prezident seçkiləri keçirdi. Həmin prezidenti isə Azərbaycan inkişafı ilə qürur duyub, Davosda, BMT-də, AB-də, MDB və digər beynəlxalq təşkilatlarda təmsil olunan bir çox dövlətlərin rəhbərləri təbrik etdi. Sizcə bunu   Xarici İşlər Nazirliyimizin yürütdüyü siyasətin uğurlu inkişafımı hesab etməliyik?

Diaspora erməniyə qarşı  təbliğat xarakteri daşıyan layihələri maliyələşdirmir. Bir çox millət vəkilləri   “Qarabağı müharibə ilə alaq” deyənləri az qala “Vətən xaini” elan edir.  Çünki sinələrində “şərəfdən orden”, dillərində “inkişaf” nəğməsi əksik olmur. Yerli oliqarxlarımız isə, Lələtəpə uğrunda gedən döyüşlərdə ömürlük əlil qalan oğullarımıza yox, erməninin Karapetyanlarına, Kardaşyanlarına maliyə ayırırlar.  Bu da inkişafdır bəli! Xocalıda ana və bacılarımızı  təcavüz edən erməninin sigaretini də, məmləkətin bazarına çıxarmaq da bir inkişafdır əslində. Şərəf ordenli şərəfsizliyin inkkişafı!

Şuşada erməni qondarma respublikasında “prezident”  and içir, bizim deputatlar isə hələ də, “Milli Şura” adlı teatır tamaşasının personajlarını müzakirə edir.  Şuşanı paytaxt elan edir, biz isə Rusun ağzına baxırıq.

Hanı bəs bizim bərabərhüquqlu daxili və xarici siyasətimiz? Daxildə icra başçısı sosial müavinəti yeyir, xaricdə erməninin Azərbaycan torpaqlarında qurduğu qondarma respublikanı başqa dövlətlər tanıyır…

Bizim deputatlar 190 manatlıq uşaq pulununun ucundan tutublar buraxmırlar ki, buraxmırlar. Milli Məclis bir oturuma 39 qanunu birdən qəbul edir. Hər birində ya vergül, ya da digər durğu işarətlərinin yeri dəyişir. Adda olur ki, qanunu 120 deputatın iştirakı ilə dəyişdilər.

120 deputatın içindən bir deputat demir ki, biz 30 ildir işğala məruz qalmış dövlətik və biz vergüllə, nöqtə ilə oynamamalıyıq, bizə milli idealogiyaya dayanan diaspora qanunları lazımdır.

Erməni ilə sülh platformasını tənqid etdiyimə görə,  erməninin ailəsinin 8 dən çox üzvünü qətlə yetirdiyi öz Azərbaycanlımız məqaləni məndən silməyimi istəyirsə, mənə “ermənini niyə tənqid edirsən?” deyirsə, siz deyin, bizdə psixoloji inkişaf gedir ya getmir?

Məsçidlərimizdə donuz saxlayan ermənilərin mədəniyyətimizi də qarış qarış işğal etdikləri azmış kimi, mədəniyyətimizin başına min bir corab hörən mədəniyyətin səlahiyyətli kəsləridə onların fikrinə görə mədəni inkişaf edirdilər…

Aylardır Şahbazdan, Dilgəmdən danışan varmı? Heç onlardan xəbər alan varmı? Çünki göz görə görə, Mübariz Mənsimovun həbsinə susanlar, indi Dilqəmdən, Şahbazdan danışsalar kim inanar axı  o ah, fəryada? Avropa Birliyində avazla  bağırsanızda xeyri yoxdur… Çünki ildə bir dəfə həmrəyliyi qeyd edib, qalan günləri həmvətənlərimizi doğulduğu bölgəyə görə, qohumluq amillərinə görə, sosial təbəqəyə görə, nüfuzuna görə, hətta tutduğu siyasi mövqeyə görə şaxmat lövhəsindəki xanalar kimi təbəqələrə bölürük. Çünki “Həmrəylik” dediyimiz halda, bəyənmədiyimiz soydaşımızı şaxmatdakı piyada kimi həbsə tıxa bilirik….İndi bizim ürəyimiz parçalanır Dilqəmə görə desək, bizə inanar mı beynəlxalq ictimaiyyət? Axı Dilqəmin, Şahbazın, Mübarizin bizim üçün nə fərqi var? Hər biri Azərbaycanlımız deyil mi?

Ey, sinələrində şərəfdən ordeni gəzdirən millətimin vəkilləri, Ey 30-ildir Şuşasız qalıb, bircə gün kürsüsüz qala bilməyən millətimin məmurları, nəyə görə, kimliyindən və sosial statusundan asılı olmayaraq hər kəsi müdafiə edən qanunlar qəbul etmirsiz?

“Azərbaycan istəsə, hər an torpaqlarını geri alar”- hanı bunu deyən millət vəkillərimiz?  Şuşada erməni kef edir! Turist qəbul edir! İstəmir hələ Azərbaycan torpaqları geri almaq? Bütün bunlardan sonra nəqarətdə yenə “ Azərbaycan sürətlə inkişaf edir” deyirik…

Mən demirəm Azərbaycan inkişaf etməsin. Etsin. Amma cənablar, həqiqətlər nəğməsi sadəcə “inkişaf” nəqarətindən ibarət deyil…

Deməli xaricilər bizə  boşuna “inkişaf sürətini azaldın demir”, çünki məmurların son halı aqibətimizin  Qriboyedovun “Ağıldan bəla”sındakı kimi olacağına dəlalət edir…

Əvvəlki məqaləÇox qısa müddətdə başa düşəcəksiniz – Ərdoğan
Növbəti məqalədəASRP Azərbaycan xalqını 28 May Respublika günü münasibəti ilə təbrik etdi