Azərbaycanlı siyasi yazar: “Dövlət Diaspora Komitəsi ermənilərin əleyhinə heç bir layihəni maliyələşdirmir”

10330

“Dövlət Diaspora Komitəsi  başqa-başqa dövlətlərdə sadəcə konsert verməklə məşquldur”. Bunu mətbuata açıqlamasında qeydiyyatı komitə ilə təsdiq edilən  VOİCEPRESS Beynəlxalq İnformasiya və Araşdırma Mərkəzinin rəhbəri, Azərbaycanlı siyasi yazar Ülkər Fərmanqızı deyib. Onun sözlərinə görə, komitə sadəcə çalmaq-oynamaqla bağlı bütün layihələri sorğusuz sualsız maliyələşdirilir. Ermənilərin əleyhinə olan heç bir  layihə maliyələşdirilmir.  Mənə çox maraqlıdır nəyə görə? Çalmaqla-oynamaqla bağlı layihələrə Mədəniyyət Nazirliyi də maliyyə ayırır axı… O zaman diaspora nəyə görə öz işini yox, mədəniyyət nazirliyinin işini görür?

Cənab Prezident pandemiya zamanı ölkədə bir çox əsaslı islahatlara imza atdı. Bir çox korrupsiya faktlarının üstü açıldı. Hesab edirəm eyni islahatlar diaspora sahəsində də aparılmalıdır. Ermənilərə qarşı görüntü olaraq deyil, həqiqətən işə yarayan layihələrə dəstək verilməlidir. Bizim ərazimiz işğal olunub, yurd yuvasından didərgin düşmüş minlərlə qaçqın və məcburi köçgünümüz var. Amma diasporamız normal bir layihəyə dəstək vermir.  Diasporanın bu günkü fəaliyyəti dünya diaspora standartlarından çox çox geridə qalır.

Cənab Prezidentin pandemiyaya rəğmən dəfələrlə Dağlıq Qarabağla  bağlı ermənilərə qarşı kəskin fikirlərinə dəstək olmaq adına diaspora komitəsinə müraciət etdim. Çünki pandemiya qarşısında aciz qalan Ermənistan  öz məkirli siyasətlərini yürüdərək, işğal altında olan Şuşada azadlıq gününü qeyd etdi, Qondarma Dağlıq Qarabağ Respublikası elan edib, orada prezident seçkiləri keçirdi. Pandemiyaya baxmayaraq, bir çox dövlətlər Azərbaycanın ərazi bütövlüyünə zidd olan bu seçimləri tanıdı və hətta rəsmi təbrik belə ünvanladı. Hazırda Şuşada inaqurasiya mərasimini keçirməyə, hətta Şuşanı QDR-in paytaxt şəhəri elan etməyə hazırlaşan Ermənistanla bağlı Dispora Komitəsi heç bir layihəyə dəstək vermir. Biz oturub ermənilərin məkirli siyasətlərinə tamaşamı etməliyik?

Cari ilin Aprel ayının 18-də komitəyə müraciət edərək, ermənilərə qarşı Pakistan, Türkiyə və Azərbaycan arasında çox əhəmiyyətli media üçlük yaradaraq, beynəlxalq media müdafiə projesi təklif etdim. Günlərlə komitə sədrinin masasının üzərində imzalanmasını gözləyən projeyə sonunda cavab gəldi. “Komitə pandemiya zamanı belə layihələri maliyələşdirmir”.  Altı aylıq icra müddəti olan projeyə gərəkli maliyyə sadəcə hər üç dövlətdən olan 1  jurnalistə  minimum əmək haqqının ayrılması nəzərdə tutulurdu. Azərbaycan Respublikasının Dövlət Diaspora Komitəsi isə bunu qarşılaya bilmədiyini dedi. Düşünün ki, bir həftə sonra Ermənistan diasporası  həmin projenin bənzərini  Yunanıstan, Kipr və Ermənistanla bərbər həyata keçirməyə maliyyə qaynağı ayırdı.

Hesab edirəm, bu gün Azərbaycan diasporasında köklü islahatlara ehtiyac var. Artıq çal-çağır layihələri Mədəniyyət Nazirliyinin səlahiyyətinə verilməlidir. Bu gün nəhəng dövlətlər arasında bütün danışıqlar media üzərindən aparılır. Beynəlxalq media savaşında Azərbaycan strateji tərəfdaşları ilə media müdafiə körpüləri yaratmalıdır. Azərbaycanda normal diaspora ideyalogiyası olmalıdır. Xaricdə fəaliyyət göstərən diaspora qurumları arasında mobilizasiya yaradılmalı, diaspora qurumları icra hakimiyyətləri və siyasi partiyalar kimi vahid bir strukturdan idarə olunmalıdır. Bu gün erməni məkirliyinə qarşı tərəddütsüz bütün önəmli layihələrin həyata keçirilməsi üçün dəstəyə ehtiyac var. Bu yöndə beynəlxalq təcrübələrim və araşdırmalarım var. Gərəkərsə bu təcrübələrin Azərbaycan diasporasında tətbiqinə də yardımçı ola bilərəm”.

Əvvəlki məqaləPrezident Ağstafaya yeni icra başçısı TƏYİN ETDİ
Növbəti məqalədəKəmaləddin Heydərov qəzaya düşdü