Kirayə mənzillərdə yaşayanlara yardım… – Ekspert

141904

Hazırda narahatlıq doğuran məsələlərdən biri də mənzil və ya ofisləri qeydiyyatsız, rəsmiləşdirmədən kirayə edən şəxslərlə bağlıdır.

VOİCEPRESS xəbər verir ki, heç bir rəsmi akt və müqavilə olmadan və deməli, dövlətə vergi ödənmədən, ikitərəfli şifahi razılaşma əsasında mənzil və obyekt icarəyə götürənlər çətin durumdadır. Böyük əksəriyyət koronavirusla mübarizə çərçivəsində məhdudlaşdırılan fəaliyyət sahələrinə düşdüklərinə, kirayədə qalanlar isə daha çıx “işəmuzd” çalışdığına görə onlara dəstək daha çox lazım gəlir. Amma xüsusilə mənzil-kirayə bazarında əsasən heç bir qeydiyyat aparılmadığı və rəsmiləşdirmə olmadığı üçün hazırda hökumət üçün də ciddi çətinliklər yaranıb: onları necə müəyyənləşdirmək olar və bunu ən qısa müddətdə həll etmək mümkündürmü?

Əmlak eksperti Ramin Osmanlı qeyd edib ki, hazırda Bakı və Abşeronda minlərlə ailə kirayədə yaşayır və ya qeyri-rəsmi icarə münasibətlərində fiziki şəxs kimi sahibkarlıq fəaliyyətilə məşğuldur. Bu şəxslərin əksəriyyəti hazırda Nazirlər Kabinetinin qərarına əsasən fəaliyyət sahələri məhdudlaşdırılan işlərdə çalışırlar:

“İndi həmin təbəqənin “kirayə öhdəlikləri”ni icra etmək imkanları məhduddur. Bir qismi ilə aparılan söhbətlər əsasında gəlinən qənaət bundan ibarətdir ki, bəzilərinin kirayə götürdükləri obyektlərin (mənzillərin) mülkiyyətçiləri aylıq kirayə pulunun bir hissəsini, yaxud hamısını müəyyən dövr üçün (vəziyyət aydınlaşana kimi) güzəştə getməyə razı olsalar da, əksər mülkiyyətçilər obyektlərin və ya mənzillərin boşaldılmasını tələb edirlər”.

Ekspert bildirib ki, hökumət şəxsi mülkiyyətdə olan kirayə mənzil fonduna diqqət ayıra bilər:

“Zənnimcə, uzun illər hökumətin yaratdığı imkanlardan istifadə edən mülkiyyətçilər illərlə onlara yaradılan şəraitin qarşılığında güzəştə getməlidirlər”.

Başqa sözlə desək, ekspertin fikrincə, uzun illərdir mənzillərini kirayə verən, ancaq qeydiyyata salmadığı üçün vergi öhdəliklərini yerinə yetirməyən şəxslər heç olmasa, indi insafa gəlməli və onillərlə vergidən yayınmalarının qarşılığında bir neçə ay kirayənişininə güzəşt etməklə, dövlətin hazırkı siyasətinə dəstək verməlidir

Əvvəlki məqaləFəzail Ağamalını Türkiyədə soydular: həbs edildi…
Növbəti məqalədəFransadan sevindirici xəbər: Kəskin azalma var