İlham Əliyev böyük tədbirlər həyata keçirir – Türk deputatla MÜSAHİBƏ

0
50743

“Dünya ictimaiyyətində Azərbaycanla bağlı pis xəbər eşitmədiyimiz üçün çox xoşbəxtik. Bu da onun nəticəsidir ki, Azərbaycan dövləti öz vətəndaşlarının rifahı və sağlamlığının qorunması üçün hər şeyi edir. Biz də Türkiyə Böyük Millət Məclisinin üzvləri olaraq bu işləri təqdir edirik”.

Bu sözləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlamentlərarası Assambleyanın Türk Qrupunun və Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, Türkiyə Böyük Millət Məclisinin Artvin millət vəkili Uğur Bayraktutan mətbuata özəl müsahibəsində deyib.

Müsahibəni təqdim edirik:

– Cənab Bayraktutan, hazırda Türkiyədə vəziyyət nə yerdədir?

– Türkiyə Səhiyyə Nazirliyi sosial məsafə kampaniyasını həyata keçirir. Bu çərçivədə küçəyə çıxma qadağası da tətbiq olunur. Pandemiya Türkiyədə yayıldığından etibarən müxalifli-iqtidarlı bütün partiyalar vahid mövqedən çıxış edirlər və “Evdə qal” kampaniyasına dəstək verirlər. Hazırda həftəsonu olduğu üçün Türkiyənin ən böyük 30 şəhərində küçəyə çıxmaq qadağası var. Bir də Zonquldak rayonunda ağciyər xəstəlikləri geniş yayıldığı üçün orada da küçəyə çıxma qadağasının tətbiq edilməsi barədə qərar verildi.

Hazırda Ankaradayam. Burada da küçəyə çıxma qadağası tətbiq olunub. Amma burada bir problem var. Böyük şəhərlərdə bu qadağanın daimi olması lazımdır. Yoxsa Türkiyədə pandemiyanın qarşısını ala bilmərik. Belə bir qayğımız var. Ölkəmizin İstanbul, Ankara, İzmir kimi ən böyük şəhərlərinin bələdiyyə sədrləri eyni zamanda Cümhuriyyət Xalq Partiyasının üzvləridir. Onlar təkidlə xəbərdarlıqlar verir və bildirirlər ki, küçəyə çıxma qadağasını ən az 10-15 gün uzatmaq lazımdır. Lakin bu mövzuda hələ ki uzlaşmaya varmamışıq.

– Türkiyədə pandemiyaya qarşı hansı qadağalar tətbiq edilir?

– Ümumilikdə, Türkiyədə sosial həyat tamamilə dayanıb. Bütün restoranlar, kafelər, kitabxanalar bağlanıb. Müqəddəs Ramazan ayının başlaması ilə əlaqədar da ümumi izolyasiya durumu var. Bir də 20-65 yaş arası vətəndaşlardan başqa, bütün yaş qruplarına daxil olan insanların küçəyə çıxması qadağandır. Çünki onlar xüsusi risk qrupuna daxildirlər. Bir çox yerlərdə kəndlər və rayonlar karantinə alınır. Giriş-çıxış qadağan edilir. Mənim seçildiyim bölgə olan Artvin Azərbaycan sərhədinə ən yaxın nöqtədə yerləşir və orada da bəzi kəndlərdə karantin rejimi tətbiq edilir. Bu tədbirlərin nəticəsində yüz faiz olmasa da, küçədə insanların hərəkəti böyük ölçüdə dayanıb.

– Regionda pandemiyanın ortaya çıxdığı ilk günlərdə Türkiyə dərhal əksər sərhəd qapılarını bağladı. Amma bu gün statistikalar göstərir ki, ölkədə infeksiyaya yoluxmuş insan sayı 80 minə yaxınlaşır. Bəs Türkiyədə pandemiya niyə bu qədər geniş yayıldı?

– Təkcə İranla sərhədi bağlamaqda gecikdik. Düşünürük ki, İrandan Türkiyəyə dövlət nəzarətindən kənar, qanunsuz girişlər olub. İkincisi, Səudiyyə Ərəbstanı pandemiya ilə əlaqədar müsəlmanların müqəddəs məkanlara ziyarətlərini qadağan etdi. Biz isə Ümrə ziyarətləri mövzusunda sinifdə qaldıq. Çünki Ümrə ziyarətindən gələn 20-25 min bir qəbilə heç bir nəzarətdən keçirilmədən evlərinə getdi. Türkiyədə virusun geniş şəkildə yayılmasının ən böyük səbəbi də buradan qaynaqlandı. Hər nə qədər ictimaiyyətdə Avropadan, ABŞ-dan gəldiyinə dair fikirlər səsləndirilsə də, faktlar göstərir ki, əslində virus buradan yayıldı. Hazırda bu iki versiya üzərində müzakirələr aparırıq.

– Yoluxma azalmağa doğru gedirmi, yoxsa tamamilə əksinə, artım müşahidə edilir?

– Səhiyyə Nazirliyinin nəzdində yaradılan Elmi Qurumun mütəxəssisləri qarşıdakı həftənin Türkiyə üçün kritik olacağını proqnozlaşdırır. Yəni gələn həftə yoluxma faktlarının pik həddə çatacağını gözləyirik. Daha sonra may ayının əvvəllərindən yoluxma faktları azalmağa doğru gedəcək.

Almaniya pandemiyanı böyük ölçüdə nəzarətə götürdüklərini açıqladı. Robert Kox İnstitutunun elmi çalışmaları ilə Almaniya yayılmasının qarşısını ala bildi. Yəni elmi özünə rəhbər tutan ölkələr bu işin öhdəsindən gəlir, xurafatla əlləşənlər isə sinifdə qalır. Bu baxımdan, biz də elmi rəhbər tutaraq problemin öhdəsindən gəlməyə çalışırıq. Bu da Mustafa Kamal Atatürk Cümhuriyyətinin uğurudur.

– Türkiyədə koronavirusa qarşı həyata keçirilən dərman və peyvənd layihələri bizim də diqqətimizdədir. Bu sahədə məşhur professor Ərcümənt Ovalının laborator işlərinin Türkiyədə həyəcanla izləndiyini görürük.

– Professorun açıqlamaları ictimaiyyətdə yanlış anlaşılmışdı. Vətəndaşlar elə başa düşmüşdü ki, o, koronavirusa qarşı yeni dərman hazırlayıb. Lakin ötən gecə cənab Ovalı açıqladı ki, yeni bir dərman hazırlanmayıb. Sadəcə beynəxlalq tibb qurumları tərəfindən akkreditasiyadan keçirilmiş bir firmanın istehsalı olan dərman koronavirusun müalicəsində effektiv olub və bu preparatın müalicə prosesində tətbiq edilməsinin zəruriliyi sübuta yetirilib. Ərcümənt Ovalı çox bacarıqlı mütəxəssisdir. Onun işlərinə güvənirik. İnşallah tapıntıları işə yarayacaq.

– Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirlərini necə dəyərləndirirsiniz? Kənar müşahidəçi kimi nələr diqqətiniz çəkir?

– Azərbaycan prezidenti cənab İlham Əliyevin türk dövlətləri ilə video-konfransını izlədim. Pandemiyaya qarşı böyük tədbirlər həyata keçirildiyini gördüm. Hazırda dünya statistikasında Azərbaycan ən aşağı sıralardadır. İnşallah, heç vaxt yuxarı sıralarda da görmərik. Bu da o deməkdir ki, Azərbaycan prezidentinin rəhbərliyi ilə bütün dövlət strukturları bütün lazımi tədbirləri görür və bu da nəticə verir. Ümumiyyətlə, Azərbaycanda gedən prosesləri və vəziyyəti buradan təqib edirik. Çünki biz qardaşıq. Sizə iynə batarsa, bizə çuvalduz batar. Dünya ictimaiyyətində Azərbaycanla bağlı pis xəbər eşitmədiyimiz üçün çox xoşbəxtik. Bu da onun nəticəsidir ki, Azərbaycan dövləti öz vətəndaşlarının rifahı və sağlamlığının qorunması üçün hər şeyi edir. Biz də Türkiyə Böyük Millət Məclisinin üzvləri olaraq bu işləri təqdir edirik.

Biz bölgədə güclü bir Azərbaycan görmək istəyirik. Boşuna “iki dövlət, bir millət” demirik. Ürəklərimiz sizlərlə bərabərdir. Azərbaycanın ayağına daş dəymədən bu bəladan ən az itki ilə qurtulmasını təmənna edirik. Dualarımız sizinlədir.

– Koronavirusa qarşı dərman və ya peyvənd tapılsa, Azərbaycan bu istiqamətdə tələb göndərsə, Türkiyə bu tələbə müsbət cavab verə biləcəkmi?

– Soruşduğunuz qəbahətdir (gülüş). Olmazmı? Cavab elə bu sualın özündədir. İnsan qardaşına ən çətin zamanlarında kömək etməzmi? Bunun əksini düşünmək belə istəmirik. Bu sualın cavabı bəllidir. Soruşmağınıza belə gərək yoxdur.

Zümrüd Kərimova