4 maydan sonra 9-11-ci siniflərdə dərslər o halda başlaya bilər ki… – ŞƏRTLƏR

0
20665

Ötən gün Təhsil nazirinin müşaviri Elnur Məmmədov bildirdi ki, dünyada karantin rejimindən sonra 9-11-ci, eləcə də ibtidai siniflərdə dərslərin başlaması təcrübəsi tətbiq olunur. Müşavir bu təcrübənin nəzəri olaraq ölkəmizdə də tətbiq oluna biləcəyini vurğuladı.

Maraqlıdır, nazir müşavirinin bu fikri, yəni bölgülər əsasında dərslərin başlaması nə ilə əlaqədardır? Əgər deyilən kimi, 9-11-ci siniflər və ibtidai siniflər arasında dərslər başlasa virusa yoluxma riski necə olacaq?


Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirdi ki, hazırki şəraitdə sözügedən siniflər üzrə dərslərə başlamaq yolverilməzdir:

“May ayının 4-dən sonra təhlillər olacaq. Əgər vəziyyət imkan verərsə, ibtidai siniflər və 9-11-ci siniflər dərslərə başlaya bilər. Amma ölkədə yoluxma sayı çox olarsa, bu siniflərin də dərsə başlaması riskli məsələdir. Çünki  toplu şəkildə insanların bir yerə yığılması infeksiyanın yayılması üçün ən əlverişli şəraitdir”.

Təhsil eksperti Elçin Əfəndi deyir ki, ibtidai siniflər üzrə deyil, 9-11-ci siniflər üzrə dərslərə başlamaq lazımdır:

“Məlum olduğu kimi dünyanın bəzi ölkələrində dərslər davam edir, daha çox ölkədə isə bu proses dayandırılıb. Bəzi ölkələrdə isə buraxılış sinifləri üzrə dərslərin başlanması fikri irəli sürülsə də, bu metod hələ də tətbiq edilməyib. Biz pandemiya dövründə dünya təcrübəsinə əsaslanaraq addım atmalı deyilik. Atılacaq addımlar ölkəmizin COVID-19 üzrə nəzarət mexanizminin çevik hərəkətindən asılı olmalıdır.

Hazırda ölkəmizdə COVID-19 virusu üzrə 474 nəfər müalicə alan şəxs var. Səhiyyə Nazirliyinin açıqlamasına görə 3000 nəfərə yaxın vətəndaş da ev şəraitində karantin rejimindədir. Bununla yanaşı, hər gün 25 nəfər üzərindən yoluxma halı qeydə alınır. Ölkə əhalisi 10 milyon 300 min nəfərdən çoxdur. 132640 nəfərdən test götürülüb və onlardan 1717 nəfərində koronavirusa yoluxma faktı aşkarlanıb. Siz təsəvvür edin ki, vaxtında atılmış qabaqlayıcı tədbirlər nəticəsində bu nəticə əldə olunub. Amma bu nəticənin özü belə əhalinin ümumi sayı ilə nisbətdə təhlükəlidir. Mövcud test və yoluxma üzrə bütün əhalini nəzərə alaraq eyniləşdirmə aparsaq, bu zaman daha dəhşətli nəticə üzə çıxar.


Biz ibtidai sinifləri ümumiyyətlə təhlükəyə ata bilmərik. Çünki virusun yoluxmasında aşağı yaş kateqoriyası üzrə də qeydə alınmalar var. Həmçinin,  ibtidailərə dərs deyən müəllimlərin yuxarı yaş kateqoriyasına aid olduğunu nəzərə alsaq, o zaman o müəllimlərin yoluxmasını, eləcə də şagirdlərə virusu keçirməsini də düşünməliyik. ÜST-ün məlumatlarında qeyd olunur ki, virusa yoluxan insan bəzən onu simpitomlarını hiss etmədən də başqasını yoluxdura bilər. Bu isə o deməkdir ki, hər bir şagird yoluxaraq bunu evə daşıya və evdəki ailə üzvlərini yoluxdura bilər. Təsəvvür edin ki, ölkədə təxminən 600 mindən çox şagird aşağı siniflərdə təhsil alır və bu şəxslərin yoluxma və yoluxdurma riski nə qədər yüksək olar.


9 və 11-ci siniflərə gəlincə, ölkəmizdə 122043 nəfər şagird 9-cu, 82782 nəfər şagird isə 11-ci sinif üzrə təhsil alır. Biz dərslərdə üzrlü və üzrsüz iştirak etməyən, təhsildən kənarda qalan şagirdləri nəzərə alaraq təxminən 200000 nəfər şagirdin dərslərə qoşulmasını müzakirə edirik. Bu da özlüyündə bir o qədər ailənin konkret risk qrupuna daxil olması deməkdir. Mən əminəm ki, bu durumda heç bir valideyn övladının sağlamlığını heç nəyə qurban verməz. Və bu səbəbdən də dərs davamiyyəti 100% olmayacaq. Amma təhsil almağın da əhəmiyyətini nəzərə almaq lazımdır. 9 və 11-ci siniflərin buraxılış sinifləri olduğunu, onları qarşıda buraxılış,  müvafiq olaraq kollec və ali məktəblərə qəbul imtahanlarının gözlədiyini nəzərə alsaq, o zaman dərsə qatılmaları mühüm əhəmiyyət kəsb edir. Bu proses isə müvafiq olaraq iki üsulla mümkündür. Birinci üsul hazırda tətbiq edilən onlayn dərslərdir ki, bunu da Təhsil Nazirliyi vaxtında həyata keçirib. İkinci üsul isə canlı dərslərdir. Amma onlayn dərslərdən fərqli olaraq canlı dərslərin pandemiya dövrü üçün təhlükəliliyi çoxdur.
Amma qabaqlayıcı tədbirlər alınarsa, bunu həyata keçirmək olar. Bu zaman şagirdlərin hər birinin qoruyucu maskadan istifadəsi, məktəblərdə həkimlər tərəfindən hər gün dərs başlamadan öncə hərarətin yoxlanılması, ən azı 1,5-2 metr distansiya ilə əyləşmələri nəzərə alınmalıdır. Bunların tətbiqi mümkün olduğu halda dərslərin sırf 9 və 11-ci siniflər üzrə bərpası 10 maydan sonra mümkün ola bilər. Əks halda isə əhalinin bu həssas təbəqəsi dövlət tərəfindən riskə atılmayacaq”.