Əsli Kazımova: “Bu kimi amnistiyalar ölkədə bir çox problemlərin və siyasi məsələlərin həll olunmasına öz tövhəsini verəcək”

133559

“Ölkə başçısının əfv sərəncamı  müsbət hal kimi qiymətləndirilməlidir”. Bunu VOİCEPRESS-ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının müavini Əsli Kazımova  COVID-19 infeksiyasının ölkəmizdə yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların azadlığa buraxılması ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, ölkə başçısının yaşlı məhkumların  səhhətini nəzərə alaraq belə bir hümanist prinsiplərə dayanan sərəncam verməsi müsbət haldır: “Ümumiyyətlə bu əfv fərmanı zamanı da,  cəza çəkdikləri müddətdə  azadlığa buraxılan məhkumların davranışları, o cümlədən  yaşı 65-dən yuxarı,  səhhətində problem olan məhkumların nəzərə alınması xüsusilə vurgulanmalıdır. Xatırlatmaq istərəm ki, hələ Birinci vitse-prezident Mehriban Əliyeva millət vəkili olduğu müddətdə bir neçə dəfə amnistiya təklifi irəli sürmüş və bu təkliflər həyata keçirilmişdi. Hər dəfə belə təkliflər zamanı on minlərlə məhkum azadlığa buraxılmışdır. Bununla yanaşı əfv sərəncamları hər zaman Cənab Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzində olub. Dəfələrlə Cənab Prezidentin əfv fərmanları imzaladığının şahidi olmuşuq. Bu dəfə əfv zamanı yüzlərlə insan azadlığa qovuşdu.  Bu dəfə azadlığa buraxılan məhbusların böyük qismi şərti cəza çəkənlər və müəyyən yaş kateqoriyasına daxil olanlar idi.

Bu kimi amnistiya qərarlarının həyata keçirilməsi, hesab edirəm ki, ölkədə bir çox problemlərin və  siyasi məsələlərin həll  olunmasına öz tövhəsini verəcək. Eyni zamanda ölkə başçısı tərəfindən belə hümanist addımların atılması Avropa İnsan Hüquqları Konvensiyasına dayanaraq, ölkəmizdə ümumbəşəri idealların, insan hüquq və azadlıqlarının qorunması kimi dəyərləri və insanpərvərlik ənənələrini davam etdirmək adına mühüm xidmət kimi xüsusi vurğulanmalıdır. Bu kimi hallar eyni zamanda cəzadan azad etmə prinsipləri əsasında  vətəndaşlarımızın qanunlara hörmət anlayışı baxımından  praktik maarifləndirməsinə müsbət təsir bağışlayır”.