“Əgər bu tədbirlər görülməsəydi, ölkə vətəndaşları çətin duruma düşə bilərdi ” – Millət vəkili

0
48556

“Dövləti vaxt itirmədən çətinliklə üzləşən insanlara dəyən ziyanı minimuma endirdi”

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Məlumdur ki, dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb.


17 apreldə Prezident tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. Bununla yanaşı, dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü işlər aparılıb. Pandemiyanın iqtisadi təsirləri əsas götürülərək əhalinin məşğulluq imkanlarınım artırılması üçün digər sosial dəstək xidmətləri də göstərilir.Görülən bu tədbirlər  isə ictimaiyyət tərəfindən dövlətin sosial modelinin göstəricisi olaraq iqtisadi inkişaf tempinin daim qorunmasının, inkişafının nəticəsi kimi dəyərləndirilir. 


Bütün dünya ölkələri kimi Azərbaycan iqtisadiyyatının da pandemiyadan zərər gördüyünü vurğulayan millət vəkili Ceyhun Məmmədov deyib ki, məhz bu səbəbdən də Azərbaycan dövləti  vaxt itirmədən çətinliklə üzləşən insanlara dəyən ziyanın minimuma endirilməsi üçün ardıcıl və məqsədyönlü tədbirlərə başladı:


“Bu gün isə biz bu tədbirlərin nəticəsini görürük. Əgər bu tədbirlər görülməsəydi, ölkə vətəndaşları çətin duruma düşə bilərdi. Necə ki biz bunu bir sıra ölkələrin təcrübəsində görürük”.  


Prezident İlham Əliyevin virusun əhaliyə təsirlərinin azaldılması məqsədilə bir neçə mühüm sərəncam imzaladığını, sosial yardım paketləri hazırlandığını xatırladan millət vəkili deyib ki,  artıq 200 mindən artıq insanın dövlətin bu imkanından yararlanıb, proses hələ də davam edir:


“Dövlət başçısının tapşırığına əsasən pandemiyanın iqtisadi təsirləri əsas götürülərək əhalinin məşğulluq imkanları artırılıb. DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanıb.Bunun üçün 30 milyon manat vəsait ayrılıb və artıq 5 min şəxs işə cəlb edilib. Ümumilikdə ictimai iş yerlərinin sayı 90 minə çatıb. Xüsusi karantin rejimi başlayanadək 38 min şəxs bu işlərə cəlb edilib və hazırda da işləməyə davam edirlər Bu onu göstərir ki, cənab Prezident bu prosesdən əziyyət çəkən insanlara dəstək məqsədilə gərəkən bütün addımları atır, hər bir məsələni ciddi nəzarətində saxlayır.  Dövlət ilk gündən bəyan etdiyi kimi, hər bir vətəndaşının yanındadır, onun qayğısı hər kəsi əhatə edir. Pandemiayadan zərər görən işsiz vətəndaşlara verilən 190 manat yardımın növbəti mərhələdə 600 min insana şamil ediləcəyi barədə cənab Prezidentin tapşırığı onun ölkə vətəndaşlarının sosial durumunun yaxşılaşdırılmasına verdiyi önəm və dəyərin göstəricisidir. Pandemiya dövründə Azərbaycan xalqı həmrəylik nümayiş etdirdi. Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, dövlət  qurumları və qeyri-hökumət təşkilatları bu prosesdə aktiv iştirak etdilər. Həqiqətən bu mənzərəni görmək çox qürurverici idi.Onu da qeyd edək ki, Milli Məclisin deputatları da bu aksiyaya qoşularaq imkansız ailələrə mümkün dəstəyi göstərdilər. Azərbaycan bir çox sınaqlardan üzüağ çıxdığı kimi bu çətinliklərin də öhdəsindən uğurla gələcək”.