Prezident bunu ağrı ilə deputatlara xatırlatdı

0
150339

Dövlət və onun nüvəsində yer alan iki mühüm hakimiyyət qolu arasında münasibətlərin ən yaxşı göstəricilərindən biri olaraq, ölkə başçısının açılış mərasiminə önəm verməsi və orada irəliyə sürdüyü yeni baxışlar, aparıcı tezislər Azərbaycana rəhbərlik edən bir liderin onillərlə topladığı dərin biliklərin son dərəcə aydın və səlist bir dillə dünyaya çatdırılması demək idi. Açığı müxtəlif ölkələrdə fərqli adlarla “xalqa müraciət” platformaları kimi özünə yer edən dövlət-hökumət başçılarının parlament çıxışlarının bizdə də hər il gerçəkləşdirilməsi bütün hakimiyyət qollarını vahid bir viziona kökləmək baxımından faydalı olacağına heç bir şübhəm yoxdur.

VOİCEPRESS xəbər verir ki, bu sözləri Milli Məclisin yaz sessiyasının növbəti iclasında çıxışı zamanı Milli Məclisin İnsan hüquqları komitəsinin yeni sədri Zahid Oruc Prezident İlham Əliyevin MM-in 10 mart tarixində ilk açılış mərasimində iştirakı və çıxışına münasibət bildirərkən deyib.

Z.Oruc bildirib ki, Prezident ilk növbədə dövlətimizin gələcək həyatı ilə bağlı konseptual fikirləri və çağırışlarını məhz Məclisin tribunasından səsləndirdi:

“Zənn edirəm ki, cənab Prezidentin Milli Məclisdə olması bir tərəfdən onun parlamentə verdiyi önəmi özündə ifadə edir, o biri yandan bütün hökumət və icra orqanlarına verilən ən mühüm mesaj sayılmalıdır. Prezidentin buradakı parlaq çıxışı, konseptual nitqi səfərbəredici bir xarakterdə idi. Çünki təkcə Məclisdə təmsil olunan partiyaların deyil, eləcə də seçkilərdə hər hansı səbəbdən iştirak etməyən vətəndaşların, siyasi qüvvələrin hamısı ilə dövlətin seçdiyi kurs yönündə normal əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində vacib mesajlar vardı. Düşünürəm ki, seçkilərdən sonra cəmiyyətin toparlanması və birləşdirilməsi baxımından bu çox önəmli məqam sayıla bilər”.

Prezidentin çıxışından irəli gələn əhəmiyyətli məqamlar üzərində dayanan Zahid Oruc qeyd edib ki, siyasi partiyalarla bağlı vacib addımlar atılırsa, bu o deməkdir ki, həmin təşkilatların fəaliyyətini tənzimləyən yeni qanuna ehtiyac var:

“Bu baxımdan “Siyasi partiyalar haqqında” qanunu cəmiyyətin və dövlətin mənafeləri yönündə yeniləməyə və onu təkmilləşdiməyə ciddi ehtiyac duyulur. Bu, əlbəttə ki, partiyalarla Administrasiyanın yüksək təmsilçisi arasında aparılan şərtsiz dialoq və danışıqların gələcəkdə predmetini təşkil edə bilər və hesab edirəm ki, çox vacib hadisəyə çevrilər. Digər tərəfdən, icra hakimiyyətləri orqanları ilə bağlı son aylar ərzində hüquq-mühafizə orqanları tərəfindən aparılan sərt tədbirlər, eyni zamanda, qanunvericilik sahəsində də bizdən yeni addımların atılmasını tələb edir. Gəlin razılaşaq ki, bu gün ayrı-ayrı bölgələrdə icra hakimiyyəti orqanlarının vətəndaşlar əleyhinə fəaliyyəti eləcə də onu üzə çıxarır ki, yerlərdə idarəçiliyin həyata keçirilməsi inzibati üsullarla yanaşı, səlahiyyət və məsuliyyətlər arasında qanunçuluqda islahatları gündəmə gətirir”.

Zahid Oruc çıxışında onu da vurğulayıb ki, bu gün ən mühüm məsələlərdən biri də ölkə rəhbəri tərəfindən BDU-nun 100 illiyi ilə bağlı tədbirdə milli adət və ənənələrimizin qorunması ilə əlaqədar irəli sürülən qeydlər idi:

“Düşünürəm ki, bunlar həyati əhəmiyyət daşıyan məsələlərdir və o baxımdan adət və ənənələrimizin qorunmasına qarşı uzun on illərdir müxtəlif xarici hücumlar və yaxud daxildə cəhdlər, təşəbbüslər meydana çıxır. Xüsusilə də son aylarda gördüyünüz feminist hərəkatı, “kişi dominantlığına və ənənəvi ailə modellərinə üsyan” adı altında küçə və meydanları “qırmızı fənərli” şüarlarla doldurmağa çalışanlar və haqlı olaraq cəmiyyətdə onlara kəskin reaksiyalar bizi dərindən qayğılandırmalıdır. Əgər ailəni dövlətin əsası hesab ediriksə, bu modelin qorunmasını və mədəni dəyərlərimizin hifz edilməsini qanunvericilik istiqamətində təkmilləşdirmələrlə həyata keçirməliyik”.

Komitə sədri daha sonra çıxışında Prezidentin Milli Məclisin ilk açılış mərasimində parlamentin rolunun və çəkisinin artırılması ilə bağlı nitqinə də diqqət çəkib:

“Bu həm də Məclisə edilən ictimai çağırışların, müraciətlərin nə dərəcədə obyektiv həllini tapması ilə özünü göstərəcəkdir. Konkret desək, şikayət mexanizmlərinin tapılması, düzgün qurulması ən vacib məsələdir. Xatırladım ki, Administrasiyaya, ali icra hakimiyyətinin rəhbərinin adına hər gün yüzlərlə məktub daxil olur. Bu həm də o anlama gəlir ki, bölgələrdə bələdiyyə və icra hakimiyyəti sistemlərinə bir sıra müraciətlərin ya nəticəsizliyi, ya da başqa amillərin təsiri ucbatından qeyd etdiyimiz reallıqla üzləşmişik. Ona görə də cənab Prezidentin çıxışında şikayətləri həll etmək əvəzinə problem yaradanların öz ünvanına göndərilməsini ağrı ilə qeyd etməsi millət vəkillərinə xalqın müraciətinin ən yüksək kürsüdən xatırladılması deməkdir”.

Zahid Oruc sonda radikalizmlə bağlı Məclisin üzərinə düşən vəzifələri də xatırladıb:

“Bu da çox önəmli bir nöqtədir, çünki indi yaşadığımız dünya hədsiz informasiya hücumları ilə “zənginləşib”. Bu çap mediası və televiziyaların əvəzinə 21-ci əsrin kommunikasiya və smart texnologiyalarının əvvəllər bənzəri olmayan bir duruma gəlməsindən qaynaqlanır. Biz elə addımlar atmalıyıq ki, siyasi ekstremizm, mənəvi terror, informasiya hücumlarını neytrallaşdırmağa qadir ola bilək. Coğrafi ərazilərimizin qorunması birinci növbədə informasiya məkanının təhülkəsizliyini tələb edir. Ona görə də parlamentin gələcəyi onun dünyəvi və milli miqyasda üzərinə götürə biləcəyi missiyadan asılı olacaqdır. Kəmiyyətə deyil, keyfiyyətə önəm verilməsi o deməkdir ki, parlament yeni ictimai-siyasi formasiyanın formalaşmasındakı məsuliyyyətini yaxşı başa düşür və aktiv, dinamik çalışan bir instituta çevrilməyə qadirdir”.