Qonşu ölkədə virusa görə məktəbləri bağlamağa başladılar

0
272559

Rusiyada koronavirusun ilk ayaq açdığı Zabaykalye vilayətində insanlar təşviş içindədir. Burada məktəbləri bağlamağa başlayıblar.

VOİCEPRESS xəbər verir ki, təhsil ocaqlarının işləməməsi barədə məlumatı vilayət rəhbərinin müavini Aleksey Butılski verib. Onun sözlərinə görə, məktəblərdə ciddi təhlükə yoxdur. Sadəcə, vilayət rəhbərliyi yayılmanın qarşısını almaq üçün belə addım atıb.

Zabaykalyedə vilayətə gedib-gələnlərə ciddi nəzarətə başlayıblar. Demək olar, hamının temperaturu yoxlanılır, virusa yoluxma ehtimalı araşdırılır.

Əslində, həm Zabaykalyedə, həm də Tümen vilayətində koronavirusa yoluxan şəxs Çin vətəndaşıdır. Onlar vətənində təxminən bir ay keçirəndən sonra son üç gündə Rusiyaya qayıdıblar.

Rusiya virusun episentri sayılan Vuhan şəhərindən vətəndaşlarını evakuasiya etməyə başlayıb. Qonşu ölkə Çinlə bütün aviaistiqamətlərdə əlaqəni kəsib.