Prezident İlham Əliyev: “Bu layihə İtaliya-Azərbaycan dostluğunun təzahürüdür”

139105

“İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Ancaq biz onu bilməliyik ki, bu, ilk növbədə, Azərbaycandan İtaliyaya xam neftin ixrac edilməsinə görə mümkün olmuşdur. Bizim əsas vəzifəmiz ticarət əlaqələrimizin şaxələndirilməsidir. Neft-qaz sektorundan başqa layihələrin həyata keçirilməsi, hesab edirəm ki, belə imkanlar yaradacaqdır”.

VOICEPRESS xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Romada Azərbaycan-İtaliya biznes forumunda deyib.

Azərbaycan Prezidenti qeyd edib ki, Azərbaycan uzun illərdir ki, İtaliyanı xam neftlə təchiz edir: “Azərbaycandan gələn xam neft İtaliyanın istehlakının 18 faizini təşkil edir və Azərbaycan birinci yerdədir. TAP layihəsinin uğurla başa çatması nəticəsində Azərbaycan və İtaliya bundan sonra onilliklər ərzində qaz sahəsində çox etibarlı tərəfdaşlar kimi birgə fəaliyyət göstərəcəklər. TAP layihəsi başa çatmaq üzrədir. Layihənin icrası 92 faiz təşkil edir və bildiyiniz kimi, TAP Cənub Qaz Dəhlizinin 4-cü seqmentidir. Bu günə qədər digər 3 seqmentdə işlər tamamilə başa çatıb. Əminəm ki, bu ilin sonunda biz layihənin tam istismara verilməsini qeyd edəcəyik. Dünən Nazirlər Şurasının Sədri cənab Konte ilə görüş zamanı mən onu Azərbaycanda keçiriləcək təntənəli rəsmi mərasimə dəvət etdim. O da bu dəvəti qəbul etdi”.

Dövlət başçısı bildirib ki, Azərbaycan və İtaliya Cənub Qaz Dəhlizinin iki məntəqəsində yerləşir: “Bizim aramızda daha 5 ölkə var. Bu nadir infrastruktur layihəsinə həm texniki, həm maliyyə, eyni zamanda, beynəlxalq əməkdaşlıq baxımından doğrudan da analoq tapmaq çox çətindir. Yeddi ölkəni birləşdirən, aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən maliyyələşdirilən və bir çox qabaqcıl şirkətlərin iştirakı ilə reallaşan bu layihə İtaliya-Azərbaycan dostluğunun təzahürüdür. Biz bu layihəni yalnız dostluq şəraitində icra edə bilmişik. Demək olar ki, biz layihənin artıq son mərhələsindəyik”.

Əvvəlki məqaləSəfir: “Türkiyə Prezidenti fevralın 25-də Azərbaycana gələcək”
Növbəti məqalədəTürkiyə səfiri: “Ərdoğanın Azərbaycana səfəri zamanı bir sıra sənədlərin imzalanması gözlənilir”