Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Romada keçirilən Avropa çempionatında növbəti medalını qazanıb.
VOİCEPRESS xəbər verir ki, güləşçimiz Ülvü Qənizadə (72 kq) Avropa çempionatına bolqar rəqibi üzərində inamlı qələbə ilə start verib. Lakin 1/4 finalda üçqat dünya çempionu, alman Frank Ştebleri məğlub etmək mümkün olmayıb. Titullu rəqib finaladək irəlilədiyindən güləşçimiz üçüncü yarış günündə – fevralın 12-də təsəlliverici görüşə çıxıb. Ü.Qənizadə cəmi 2 dəqiqə ərzində Moldovadan olan həmkarına qalib gəlib və bürünc medal uğrunda mübarizə aparmaq şansı əldə edib. Həlledici qarşılaşmada ikiqat Avropa çempionu və dünya üçüncüsü Adam Kurakla (Rusiya) qarşılaşan gənc güləşçimiz əzmkar qələbə qazanaraq millimizin hesabına dördüncü bürünc medalı yazıb.
Qeyd edək ki, bundan əvvəl Azərbaycanın yunan-Roma güləşçilərindən Sənan Süleymanov (77 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıblar.
***
Yunan-Roma güləşçimiz Rafiq Hüseynov ikiqat Avropa çempionu adına sahib olub.
İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında 82 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz əvvəlcə hollandiyalı idmançıya çətinlik çəkmədən qalib gəlib. İsveç təmsilçisi ilə görüşdən də üstün ayrılan təcrübəli pəhləvanımız yarımfinala yüksəlib. Finalın bir addımlığında yerli güləşçiy ilə qarşılaşan həmyerlimiz italyan rəqibinə çətinlik çəkmədən qalib gələrək 9 illik fasilədən sonra Avropa çempionatının finalına vəsiqə qazanıb. Həlledici qarşılaşmada Bolqarıstan idmançısı ilə üz-üzə gələn təcrübəli pəhləvanımız əzmkarlıq nümayiş etdirərək qələbə qazanıb və ikinci dəfə Avropa çempionu olub.
***
İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə yarış başa çatıb.
Üç gün davam edən mübarizədə yığmamız baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında tarixi uğura imza atıb. Belə ki, millimiz tarixində ilk dəfə Avropa çempionatında rekord sayda – 6 medal qazanıb.
Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutub.
Beləliklə, 2 qızıl və 4 bürünc medal qazanan millimiz 116 xal toplayaraq, komanda hesabında Rusiyadan (128) sonra ikinci olub. Türkiyə isə 90 xalla üçüncü pillədə qərarlaşıb.