Rusiya XİN ABŞ-ı beynəlxalq hüquq normalarını pozmaqda günahlandırıb

0
313682

Rusiya XİN-in rəhbəri Sergey Lavrov iranlı general Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə danışıb.

VOİCEPRESS “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir.

Məlumata görə, S.Lavrov amerikalı həmkarı ilə danışan zaman suveren dövlətin rəsmi şəxsinin öldürülməsinin beynəlxalq hüquqa zidd olduğunu bildirib. O, həmçinin qeyd edib ki, rəsmi Moskva Vaşinqtonu beynəlxalq problemlərin həllində güc tətbiq etməkdən çəkinməyə çağırır.

“Lavrov bildirib ki, BMT üzvü olan bir dövlətin başqa bir BMT üzvü olan dövlətin məmurunu üçüncü suveren bir dövlətin ərazisində onun özünün məlumatı olmadan aradan götürməsi istiqamətində məqsədyönlü hərəkətləri beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur və sərt qınağa səbəb olur”, – deyə Rusiya XİN-in məlumatında qeyd olunub.

“Rusiyalı nazir ABŞ-ın bu addımının regional sülh və sabitlik üçün ağır nəticələrə səbəb olacağını, Yaxın Şərqdə toplanan mürəkkəb problemlərin həlli yolunda töhfə verməyəcəyini, əksinə, yeni bir eskalasiyaya səbəb olacağını vurğulayıb. Moskva Vaşinqtonu beynəlxalq aləmdə hədəflərinə çatmaq üçün qanunsuz güc metodlarından imtina etməyə və hər hansı bir problemi danışıqlar masasında həll etməyə çağırır”, – deyə Rusiya XİN sonda əlavə edib.